“Nə qədər ki, qonşuluğumuzda Ermənistan kimi qeyri-sabit ölkə mövcuddur…” - ŞƏRH EDİLDİ

“Bildiyiniz ki, sərhəddə vəziyyət gərgin olaraq qalır və hər an hansısa bir gərginlik yaşana bilər. Bunun da əsas səbəbkarı Ermənistan tərəfidir. Məqsədli şəkildə sərhədlərin delimitasiyasını uzadır, Azərbaycana məxsus Qazaxın kəndlərini qaytarmamaq üçün müxtəlif bəhanələr gətirir, sərhədə Avropalı müşahidəçilər toplayıb. Ermənistanın indi Rusiya ilə ciddi siyasi problemləri var, bu ölkənin sərhədlərini də rus hərbiçilər qoruyur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, indi Ermənistan sərhədə avropalı və öz hərbçilərini cəmləşdirməklə öz aləmində sərhəddə nəzarəti daha çox ələ almaq istəyir: “Lakin belə qarışıq vəziyyətin ən ziyanlı tərəfi də Azərbaycana olur. Çünki biz illərdir münaqişə vəziyyətində olduğumuz ölkənin sərhədində nəyin baş verdiyini anlamağa çalışırıq. Bilmək olmur bəlkə Ermənistan hərbi-siyasi rəhbərliyi belə qarışıq vəziyyətdən istifadə edib bizə qarşı hansısa təxribat törədəcək və qarşı tərəfi günahlandırmağa çalışacaq. Ona görə də Müdafiə Nazirliyi haqlı olaraq bildirib ki, hər hansı təxribat və ərazilərimizə hücum olarsa bunun məsuliyyətini Ermənistan hərbi-siyasi rəhbərliyi daşıyır”.

V.Əhmədov sözlərinə davam edərək bildirib ki, ərazisində illərdir başqa bir ölkənin sərhədçiləri olan, ziddiyyətli tərəf, digər Avropa dövlətlərinin komissarlarını sərhədə toplayan ölkə ilə hansısa sabit danışıqlar aparmaq və nəticə əldə etmək çox çətin görünür: “Bu baxımdan hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi işini ehtiyatlı tutmaqda və hadisələri əvvəlcədən nəzarətə almaqda haqlıdır. Bu ölkənin və onun havadarlarının 30 il ərzində Azərbaycan xalqının başına nə bəlalar gətirdiyinin fərqindəyik və bunu unutmamışıq. Təəssüf ki, belə bir qonşu dövlətlə yaşamaq məcburiyyətindəyik. Bu mənada nə qədər ki, Ermənistan kimi qeyri-sabit bir ölkə qonşuluğumuzda mövcuddur və bölgəmizdə belə təhlükəli oyunlar oynayır, daha doğrusu oynadılır, Azərbaycan ordusunun daima döyüş hazırlığı vəziyyətində olması zəruridir”.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə