"Ermənistanın revanşist siyasətinə Qərbin davranışları ilham verir" - ŞƏRH EDİLDİ

"Ermənistan hərbçilərinin sərhəddə törətdiyi təxribat və nəticədə sərhədçimizin ağır yaralanması qarşı tərəfin sülh siyasətində maraqlı olmadığının göstəricisidir. Azərbaycanın səyləri nəticəsində son bir neçə ayda bölgədə sabitlik təmin olunsa da, bunun Ermənistan üçün önəmli olmadığı məlumdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu hadisənin arxasında yalnız Ermənistanın revanş niyyətləri və sülh sazişindən yayınmaq məqsədi dayanmır: "Eyni zamanda bu məsələdə Ermənistanın Qərbdəki müttəfiqləri ilə birlikdə həyata keçirmək istədikləri planların əlamətləri görünür. Heç bir şübhə yoxdur ki, Ermənistan hələ də bölgədə münaqişə vəziyyətinin aradan qalxmadığı kimi bir görüntü yaratmaq istəyir. Buna görə də sülh sazişinin imzalanmasına bütün yollarla mane olmağa çalışır. Qərb ölkələrinin isə bu münaqişə vəziyyətinin mövcudluğundan istifadə edərək bölgədə vəziyyəti daha da gərginləşdirmək, Ermənistanın dəstəyi ilə bölgəyə hərbi-siyasi cəhətdən nüfuz etmək kimi bir marağı var. Təbii ki, Ermənistanın revanşist siyasətinə Qərbin bir sıra davranışları ilham verir. Xüsusilə avropalı məmurların tez-tez Ermənistana gediş-gəlişi, Fransanın müdafiə nazirinin orada olması, Azərbaycanla sərhəddə erməni casusların aşkar olunması, binokl siyasəti yeritmələri və s. bölgədə vəziyyəti gərginləşdirmək niyyətindən xəbər verir".

"Təəssüf ki, belə bir təxribatın baş verməsindən sonra nə Ermənistandakı Avropa missiyasının nümayəndələrinin, nə də tez-tez Azərbaycanla sərhəddə müşahidə aparan Qərb dövlətləri səfirlərinin səsi çıxmır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın revanşist qüvvələri aktiv fəaliyyətdədir və onlar sülh sazişinin imzalanması yolunda xırda da olsa, bir perspektiv ortaya çıxdıqda hərəkətə keçirlər. Elə bu günlərdə Rusiya səfirinin açıq şəkildə Azərbaycanın təklif etdiyi sülh layihəsi prinsiplərinin daha praktik olduğunu deməsi də görünür, Ermənistanı qıcıqlandırıb. Ermənistan sülh sazişinin imzalanması yönündə atılan bütün addımları yox etməyə çalışır. Bu da Ermənistanla birgə Qərb müttəfiqlərinin həyata keçirmək istədikləri siyasətdir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə