"Ermənistan yaxşı anlayır ki,..." - DEPUTAT ŞƏRH ETDİ

"44 günlük Vətən müharibəsində Ermənistan ordusu darmadağın edildi. Uzun illər lazımdır ki, Ermənistan ordusu mövcud olmuş gücünü bərpa etsin. Bu baxımdan Ermənistan ilk növbədə müasir silahlarla təchiz olunmaq, hərbi qarajını yeniləmək istəyir. Lakin bu o qədər də asan məsələ deyil". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Ermənistan həm Hindistandan, həm Fransadan, həm də Rusiyadan silah almağı planlaşdırır: "Amma bu silahlanma və ordunu hazır vəziyyətə gətirmək müharibəyə hazırlıq kimi dəyərləndirilməməlidir. Çünki Ermənistan çox gözəl anlayır ki, Azərbaycanla güc dili ilə danışmaq mümkün deyil. Külli miqdarda vəsait və on illər tələb edir ki, Azərbaycan Ordusunun gücünə yaxın bir ordu qura bilsin. Unutmamalıyıq ki, bu vəsait də, potensial da Ermənistanda yoxdur. Eyni zamanda, Azərbaycan da öz ordusunu mütəmadi olaraq gücləndirir. Bu baxımdan ermənilər Azərbaycanla müharibə yolu ilə danışmağın çıxış yolu olmadığını dərk edir. Lakin istənilən halda Ermənistan ordusunu gücləndirmək məcburiyyətindədir. Çünki bütün dövlətlərin müəyyən gücə sahib olan ordusu var. Düşünürəm ki, Ermənistan Azərbaycanla sülhü arzu edir. Fəqət erməni havadarları buna imkan vermirlər".

Deputat qeyd edib ki, böyük dövlətlər bu sülhün öz nəzarətlərində baş tutmasını istədikləri üçün proses müəyyən dərəcədə yubanır: "Onlar bəzən Ermənistanda revanşist qüvvələri aktivləşdirdikləri üçün bugünədək sülh prosesi baş tutmayıb. Buna baxmayaraq inanıram ki, Ermənistan rəsmiləri nə qədər riyakarlıq nümayiş etdirsələr də, sərsəm açıqlamalar versələr də onlar sülhdən başqa çıxış yolu olmadığını anlayırlar. Ümid edirəm ki, 2024-cü ildə Ermənistanla sülhə nail olacaq və Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik əldə edə biləcəyik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə