"Səfirin açıqlamaları Parisin regionda düşdüyü miskin vəziyyətin inikasıdır" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan və Ermənistan arasında birbaşa təmasların daha da artması, Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüşün müsbət məcrada keçməsi regionda sülh ümidlərini artırdıqca, münaqişəli duruma fürsət kimi baxan Fransanın regionda hərəkət imkanları azalır. Çünki Fransanın hazırkı qeyri-sağlam və beynəlxalq hüquqa zidd niyyətləri Cənubi Qafqazda yalnız münaqişəli şəraitdə təmin oluna bilər. Lakin Azərbaycan Prezidentinin ardıcıl və sərrast gedişləri, o cümlədən Vətən müharibəsindəki Zəfərimiz və xüsusən 4 ay öncə antiterror tədbirləri ilə Azərbaycanın suverenliyinin tam bərpasından, separatizmə son qoyulmasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, 7 dekabr birgə açıqlaması, bu çərçivədə hərbçilərin qarşılıqlı şəkildə azad edilməsi, COP çərçivəsində qarşılıqlı siyasi jestlər göstərir ki, artıq Ermənistan özü də Azərbaycanın yaratdığı yeni situasiya ilə barışıb: "Amma maraqlıdır ki, Fransa bu prosesdə ermənilərdən daha çox erməni kimi davranmaqda israrlıdır və dayanıqlı sülhə nail olunması istiqamətində əsas maneəyə çevrilib. Təsəvvür edin, Fransa kimi BMT Təhlükəsizlik Şurasında daimi üzv kimi təmsil olunan iri dövlətin, nüvə gücünün prioritetlərindən biri anti-Azərbaycan fəaliyyətdir".

Deputat sözlərinə davam edərək bildirib ki, Paris istər beynəlxalq ictimaiyyətin nəzərində Azərbaycanla bağlı yanlış təəssürat yaradılması, istərsə də Ermənistanda əhalinin revanşa təhrik edilməsi formatlarında ciddi iş aparır: "Fransanın Ermənistandakı səfiri Olivye Dekottinin "yorulmaz səyləri" də məhz bu prioritetə əsaslanır. Tez-tez təmas zonalarına baş çəkməklə, Azərbaycanı işğalçı kimi təqdim etməklə əslində fransız səfir ölkəsinin 30 il davam etmiş münaqişənin tərəfi olduğunu və məğlubiyyətə uğradığını etiraf etmiş olur. Təsəvvür edin, 30 illik işğal dönəmində bir dəfə də olsun işğaldan danışmayan Paris bu gün Azərbaycanı işğalçılıqda günahlandırır. Amma nə Fransa Xarici İşlər Nazirliyi, nə də onun İrəvandakı elçisi Azərbaycanın haranı işğal etdiyini, hansı tanınmış sərhəd xəttini keçdiyini göstərə bilmir. Görünən odur ki, beynəlxalq müstəvidə ayrı-ayrı platformalarda, o cümlədən BMT TŞ masasında, habelə Vətən müharibəsi və antiterror tədbirlərində cənab İlham Əliyevə məğlub olan, tarixdə ilk dəfə məhz Azərbaycan tərəfindən böyük regional casus şəbəkəsi ifşa edilib, darmadağın olunan Makron Fransası artıq bu kimi cılız bəyanatların ümidinə qalıb. Bu mənada, Fransanın Ermənistandakı səfirinin "X" sosial şəbəkəsində özfəaliyyəti Parisin regionda düşdüyü miskin vəziyyətin inikasıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə