"Bu seçki Azərbaycan tarixinə Zəfər seçkisi kimi daxil olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"2024-cü il 7 fevral tarixində Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hər şeydən öncə qeyd etmək lazımdır ki, 1991-ci ildə Sovet dövləti dağılandan sonra Azərbaycan öz tarixində bütün ölkəni əhatə edən prezident seçkiləri keçirə bilmədi. İlk növbədə Ali Məclisdə Azərbaycan Respublikasının Prezidenti seçildiyi üçün bu, ümumxalq seçkisi sayılmırdı. Sonrakı dövrdə isə Azərbaycan torpaqlarının 20%-i işğal olunduğuna görə həmin ərazilərdə prezident seçkiləri keçirmək mümkün olmadı. Ona görə də 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra 30 il düşmən işğalı altında qalan torpaqlarımız azad edildi və Ermənistan darmadağın edildi. Təbii ki, işğaldan azad olan torpaqlar, eyni zamanda müvəqqəti olaraq erməni separatçılarının yerləşdiyi ərazilər qaldığına görə 2023-cü ilin 19-20 sentyabr tarixilərində antiterror tədbirləri nəticəsində düşmən ordusu məhv edildi. Azərbaycan öz tarixində ilk dəfə olaraq bütövləşdi, suverenliyi bərpa olundu və bütün Azərbaycan torpaqlarında prezident seçkiləri keçirmək mümkün oldu. Buna görə də 2024-cü il 7 fevral tarixində keçiriləcək seçki Azərbaycan tarixində ilk dəfə olaraq bütün bölgələri əhatə edəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Deputat xatırladıb ki, 1992-ci ildə keçirilən seçkilər zamanı Qarabağın böyük bir hissəsi düşmən işğalı altında idi: "1993-cü ilin seçkilərinə qədər bu işğal ölkə ərazisinin 20%-ni əhatə etdi. Bir milyona qədər insan qaçqın və məcburi köçkün həyatını yaşamağa məcbur edildi. Amma 2024-cü ildə keçiriləcək seçki isə məğlubların seçkisi deyil. Bu, qaliblərin seçkisidir. Azərbaycan xalqını qalib xalq edən 2020-ci ilin 44 günlük Vətən müharibəsidir. Ona görə də 2024-cü ilin fevralında keçiriləcək seçki Azərbaycan tarixinə Zəfər seçkisi kimi daxil olacaq. Azərbaycanın artıq işğal altında qalan torpağı yoxdur. Minlərlə azərbaycanlı artıq Qarabağın yenidən bərpasının nəticəsində öz yurdlarına qayıdıb. İşğaldan azad olunmuş torpaqlarda 20 mindən çox insan bu seçkidə iştirak edəcək.

Növbədənkənar seçki qeyri-adi bir seçim deyil. Dünyanın hər yerində belə seçki keçirilir. Təbii ki, Azərbaycan dünya təcrübəsindən istifadə edir. Amma bu, o demək deyil ki, dünyada tətbiq olunduğu üçün bu seçki formasını tətbiq edirik. Qalib Azərbaycan həm bütün ərazisində ehtiyac olunduğuna görə, həm dünya təcrübəsinə istinad etdiyi üçün bu seçkinin keçirilməsini məqsədəuyğun bilir".

A.İsgəndərov sözlərinə davam edərək qeyd edib ki, dədə-baba yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları daim öz torpaqlarına qayıtmaq ehtimalı haqqında düşünürdülər: "Ulu Öndər Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, işğal altında olan bütün torpaqlarımız azad ediləcək. Amma dünyanın bu məsələyə münasibəti səmimi deyildi. Kağız üzərində bu işğalı qəbul edir, amma reallıqda Azərbaycana iki xalqın dost münasibətində yaşaması üçün sülh elan edərək torpaqları ermənilərə verməyi təklif edirdi. Təbii ki, nə Azərbaycan dövlətinin, nə xalqın, nə də ordumuzun heç nə yadından çıxmamışdı. Xalq bu seçkiyə bir daha dünyaya öz dövlət başçısına, Qarabağın xilaskarına inandığını, Ali Baş Komandan İlham Əliyevin bütün xalqı birləşdirə bildiyini bəyan etmək üçün gedəcək.

Onu da qeyd etmək lazımdır ki, bu gün rəy sorğusu aparılsa, iştirakçıların 99,9%-i "Mən öz seçimimi artıq etmişəm" cavabını verəcək. Çünki 20 ildə Prezident İlham Əliyevin etdikləri Azərbaycan xalqını tam mənada qane edir. Ən əsası da qalib xalqın qalib Ali Baş Komandanı və dövlət başçısı olmalıdır".

"Azərbaycan bu illər ərzində iqtisadiyyatın inkişafı baxımından dünyanın ən qabaqcıl dövlətləri sırasına daxil olub. Qarabağda gecə-gündüz gedən quruculuq işləri Azərbaycan xalqının gücü hesabına həyata keçirilir. Bu islahatlar onu göstərir ki, həyatın elə bir sahəsi yoxdur ki, orada xalq birinci olmasın. Bu uğurun nəticəsidir ki, bu gün Azərbaycan həm Qərbdə, həm türk dünyasında, həm müsəlman şərqində, həm də Mərkəzi Asiyada ən nüfuzlu dövlət kimi tanınır. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından, iqtisadiyyatımız ən inkişaf etmiş iqtisadiyyatlarından biridir. Azərbaycanda neft-qaz sənayesi, qeyri-neft sektoru o dərəcədə inkişaf edir ki, bugünkü gündə dünyanın çətin vəziyyətdə olan dövlətlərinə yardım göstərir. Bu onu sübut edir ki, ölkədə bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan islahatlar həyatın bütün sahələrində uğur qazanıb. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycanın dövlət başçısı xalqa müraciət edərkən deyirdi ki, mən ona, yəni İlham Əliyevə özüm qədər inanıram. 2003-cü ildə xalq İlham Əliyevə səs verdi. Həmin tarixdən bugünədək Azərbaycan bütün çətinliklərdən, ağrılı günlərdən keçərək qalib dövlətlər sırasına daxil oldu. Bu mənada 2024-cü ilin seçkilərinin nəticələri artıq bu gündən məlumdur. Xalq birmənalı olaraq Ali Baş Komandan İlham Əliyev ətrafında birləşib.

Bu gün Azərbaycan dövləti dünyaya bəyan edir ki, hər bir seçkidə iştirak etmək üçün həm seçici, həm də prezidentliyə namizəd üçün bərabər şərait yaradılıb. Azərbaycan bugünkü gündə dostunu, düşmənini də, uğurunu da, nöqsanı da, çatışmazlıqları da yaxşı görür. Azərbaycanı daha da inkişaf etdirmək üçün hər şey məlumdur. Bu, yolumuz Heydər Əliyev yolu, ideologiyamız azərbaycançılıq ideologiyası, dövlət başçımız da cənab İlham Əliyevdir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə