"Xalqımız bu zəfəri heç vaxt unutmayacaq" - ŞƏRH EDİLDİ

"Torpaqlarımız işğal olunduqdan sonra istər Ulu Öndərin, istərsə də Prezident İlham Əliyevin dövründə atılan hər bir addım, qəbul olunmuş hər qərar itirilmiş torpaqlarımızın azad olunmasına istiqamətlənmişdi. Bu istiqamətdə məsələləri nə qədər sülh yolu ilə həll etməyə çalışsaq da, qarşı tərəf heç vaxt razılıq vermirdi. ATƏT-in Minsk Qrupunun həmsədr üzvləri 30 ilə yaxın bir müddət ərzində ikili yanaşmalarını açıq-aşkar göstərərək məsələni həll etmək istiqamətində addımlar atmadılar. Bunlara baxmayaraq Azərbaycan sülh yönümlü addımlar atmaqla yanaşı, ölkə iqtisadiyyatını gücləndirir və ordu quruculuğu ilə bağlı lazımi tədbirlər həyata keçirirdi. Gənclərimizin vətənpərvər ruhda tərbiyə alması, ordumuzda xidmət göstərən gənclərin döyüş qabiliyyətinin və psixoloji hazırlığının yüksək olması istiqamətində mütəmadi olaraq işlər aparıldı. Bu məsələlər yalnız sadaladıqlarımla bitməyib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində də uğurlu addımlar atıb: "Dövlətimiz fasiləsiz şəkildə beynəlxalq qurumlarla, dünya ölkələri ilə əlaqə saxlayaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması yönündə lazımi tədbirlər həyata keçirirdi. Bu kompleks yanaşma xalqda birliyin formalaşmasına, həmrəyliyin güclənməsinə təsir göstərib".

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan sülhə razılaşmadığına və davamlı təxribatlar törətdiyinə görə Azərbaycan Prezidentinin əmri ilə "İrəli" komandası verildi: "Nəhayət, 2020-ci il 27 sentyabr tarixində torpaqlarımızın azad olunması istiqamətində addımlar atıldı. Şükürlər olsun ki, həmin 44 günün hər günü ordumuz üçün çox uğurlu oldu. Doğrudur, itkilərimiz də oldu. Bu da təbii haldır. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. 8 Noyabr tarixində zəfərimizin zirvəsi olaraq Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan gündəlik əldə olunan uğurlarımızı yüksək əhval-ruhiyyə ilə xalqa çatdırırdı. Müharibə dövründə xalqımız bir yumruq kimi birləşdi. Bu birlik sayəsində ordumuz öz yenilməzliyi ilə Azərbaycanın hərb tarixində yeni bir səhifə açdı. 44 günlük Vətən müharibəsi dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad olundu. Bu müddət ərzində Ermənistan tərəfinin on mindən artıq fərarisi oldu. Azərbaycan Ordusu isə 30 il ərzində Ermənistan tərəfindən qoyulan bəndləri darmadağın edərək öz vəzifələrini yüksək səviyyədə yerinə yetirdi. Bundan qorxuya düşən Ermənistan 10 noyabr tarixində Rusiya Prezidenti və Azərbaycan dövlət başçısının iştirakı ilə birgə bəyanat imzaladı ki, müharibə dayandırılsın. Həmin bəyanatda bir çox maddələr var idi ki, qısa zaman kəsiyində həll edilməli idi. Bu sənədi imzalamaqla Ermənistan kapitulyasiya aktına imza atmış oldu. Şuşanın azad olunduğu gün Prezidentin sərəncamı ilə "Zəfər günü" kimi qeyd olundu".

"Düzdü, biz indi son işğal dövründən danışırıq, amma Azərbaycan torpaqlarının işğalı 200 il bundan öncə başlayıb. Ermənilər Azərbaycan torpaqlarına yerləşdirildikləri gündən xalqımızı sıxışdırıb. Hətta SSRİ Nazirlər Kabinetinin qərarı ilə 1948-1956-cı illər ərzində yüzminlərlə azərbaycanlını öz dədə-baba yurdundan didərgin saldılar. Yəni, Azərbaycan xalqı hələ o dövrlərdən torpaqlarının işğaldan azad olunmasının, öz dədə-baba yurdlarına qayıtmasının həsrətini çəkirdilər. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü, şəhidlərimizin qanı, qazilərimizin şücaəti , xalqımızın birliyi hesabına torpaqlarımız işğaldan azad olundu və biz bunu yüksək qiymətləndiririk. Xalqımız bu zəfəri heç vaxt unutmayacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə