"Fransa həmişə ermənipərəst siyasət yeridib" - SƏDR MÜNASİBƏT BİLDİRDİ

“Fransa münaqişə başlanan gündən ermənipərəst mövqe tutub. Yadınızdadırsa, SSRİ prezidenti Mixail Qobaşçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqanbekyanın bədnam məqaləsi də Fransa qəzetində çap olunmuşdu. Bu, təsadüfi deyildi. Qarabağ münaqişəsini körükləyən çevrələrin bir qismi Parisdə idi. 1994-cü ildən başlanan prosesdə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa hər zaman ermənipərəsət siyasət yeridib". Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, rəsmi Paris qondarma rejimə müstəqillik verilməsindən, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasından yana idi: "Lakin güclü ordusu, ağıllı diplomatik manevrləri ilə Azərbaycan bu planı pozdu. 44 günlük savaşdan qalib çıxan Azərbaycan dəngələri dəyişdi. Regionda yeni siyasi düzən yarandı. Xatırlayırsınızsa yeni düzəndən ən çox narahat olan İran və Fransa idi. İran 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzur torpaqlarından qanunsuz silah və narkotik qaçaqmalçılığı tranziti olaraq yararlanan tərəflərdən biri idi. İndi bu imkan əldən çıxmışdı. Fransa isə Cənubi Qafqazda oyunçu statusunu itirirdi. İndi də “Azərbaycan etnik təmizləmə aparır” deyə şivən qaldıranların başında Fransa gəlir. Halbuki Azərbaycanın belə bir niyyəti yoxdur və ən yüksək səviyyədə bəyan edilmişdi ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə hər cür təminat verir".

E.Cəfərli sözlərinə davam edərək bildirib ki, Fransa Zəngəzur dəhlizinə qarşıdır: "Əslində Fransanın düşündürən ermənilər deyil. Erməni lobbisi Fransada iqtidarda olan siyasi qüvvəyə seçkilərdə lazımdır. Ümumilikdə isə Fransa enerji resursları ilə zəngin, nəqliyyat logistika qovşağına çevriləcək, iqtisadi-ticari perspektivləri böyük maliyyə qaynağı vəd edən Cənubi Qafqazda geoiqtisadi layihələrdən özlərinə pay qoparmaq niyyəti güdür. Azərbaycan qazının Avropa bazarına çıxması da rəsmi Parisin maraqlarına uyğun deyil".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə