"Beynəlxalq təşkilatlar hər zaman oyuncaq dövlətin qayğısına qalıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Təəssüf ki, dünyamız qlobal anlamda ikili standartlarla doludur. Bu, artıq adi bir hala çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı dəfələrlə ən ali kürsülərdə dünyanın gözünün içinə baxaraq həqiqətləri söyləyib. 30 ildir ki, selektiv yanaşmalarla münasibətin əziyyətini çəkirik. Hətta tarixə baxsaq yüz illərlə bu belə olub. Hər zaman bir ovucluq oyuncaq dövlətin əhalisinin qayğısına qalıblar, onları başqalarına qarşı maşa rolunda istifadə ediblər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, yüz minlərlə azərbaycanlı öz dədə-baba yurdlarından, indiki Ermənistan ərazisindən qovulub: "Heç bir beynəlxalq təşkilat bununla bağlı səsini çıxarmayıb. Əksinə, ermənilərin başları sığallanıb. Bir milyondan artıq qaçqın Qarabağ və Şərqi Zəngəzur bölgəmizdən qovularaq Azərbaycana sığındı. Amma yenə dünyanın səsi çıxmadı, dörd qətnaməni görməzdən gəldi. Azərbaycan özü beynəlxalq hüququ, ilahi ədaləti bərpa etdi. Ali Baş Komandanımızın zəkası, xalqın birliyi, əsgər və zabitlərimizin şücaəti hesabına biz ən qürurlu xalqlardan birinə çevrildik. Bunu biz özümüz etdik".

"Çox təəsüf ki, nə beynəlxalq hüquq, nə onun normaları işləmir. Böyük dövlətlərin oyunları var. Bu oyunların da qurbanı olan kiçik xalqlar uzun illərdir, əziyyət çəkirlər. Əsas məsələ Ermənistanın tarix boyu böyük dövlətlər tərəfindən istifadə olunmasıdır. İkinci vacib məsələ isə xristian təəssübkeşliyidir. Azərbaycan və Türkiyənin güclənməsini istəməyən qüvvələr bu mənada tez birləşməyi bacarırlar. Həqiqət budur. Bu gün Azərbaycan onu istəməyənlərin oyununu pozaraq öz inkişaf yolunda davam edir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə