"Paşinyanı qorxunc ssenari gözləyir" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistandakı aksiyalar artıq Qərb və Rusiya arasındakı mübarizəyə çevrilib. Bu mənada aksiyalar bir ölkənin daxili siyasi vitrinində baş verən proses kimi görünmür. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistan əhalisinin demək olar yarısı rusiyapərəstdir. Yalnız bununla da bitmir. Sosial baxımdan varlı ermənilərin böyük bir qismi də Rusiyada yaşayır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, baş verən son proseslər və siyasi istiqamət dəyişikliyi istər-istəməz Rusiya və Ermənistan arasındakı uçurumu daha da dərinləşdirdi: "Bu uçurum daha kəskin hal almağa başlayır. Düşünürəm ki, dekabra qədər Rusiyanın planı qanlı şəkildə belə olsa, Paşinyanı devirməkdir. Hələ ki respublika meydanından sosial baza toplanır. Ona əlavə elementlər də qatılır. Bunu dedikdə Qarabağda könüllü şəkildə gedən köçü nəzərdə tuturam. Bütün bunları nəzərə aldıqda Paşinyan üçün ortaya qorxunc bir ssenari çıxır".

Ə.Əlibəyli sözlərinə davam edərək bildirib ki, Rusiya rəhbərlərinin açıqlamaları kəskin konfliktin olduğundan xəbər verir: "Rusiya bu prosesdə geri durmayacaq. Ona görə də Ermənistanda baş verən kütləvi aksiyaların nəticəsinə hər şey daxildir. Yəni, inqilab, kabinetə hücum, terror, Paşinyanın güllələnməsi və s. kimi hadisələrin baş verməsi təəccübdoğurucu olmaz. Bildiyiniz kimi, Ermənistan yarımhərbiləşmiş ölkədir. Orada kütləvi şəkildə silahlar, terror təcrübəsi olan qruplar var. Əgər bu cür yarımhərbiləşmiş ölkədən danışırıqsa, kütləvi aksiyaların yekun nəticəsi mütləq qətliam olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə