"Bizə qarşı qərəzli olanlar gec-tez Azərbaycan həqiqətlərini qəbul edəcək" - DEPUTAT ŞƏRH ETDİ

"24 saata qələbə qazanmaq üçün uzun illər vacib işlər görmək lazım idi. Ötən əsrin 50-90-cı illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycan cəmiyyətinə milli düşüncənin möhkəmləndirilməsini gətirdi. Azərbaycan cəmiyyətində müxtəlif sahələr üzrə yüksək səviyyəli mütəxəssislər hazırlanmasına imkan yaratdı, ölkəmizi aqrar-sənaye bölgəsindən, sənaye-aqrar bölgəsinə çevirdi. Ötən əsrin 70-ci illərində Azərbaycanda 6 yeni universitet açıldı və ali təhsillilərin sayı artdı. Azərbaycan mədəniyyəti və incəsənəti SSRİ və dünya səviyyəsində tanınmağa başlandı". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ən əsası da Ümummilli Lider Azərbaycan xalqının inamını özünə qaytardı: "Məhz bu səbəbdən 1988-ci ildə Ulu Öndər hakimiyyətdə olmasa belə, Azərbaycan xalqı meydanlara çıxaraq öz torpaqları uğrunda mübarizəyə başladı. Ümummilli Liderin 90-cı illərdə hakimiyyətə gəlməsi vətəndaş müharibəsinin və Azərbaycanın Liviyaya, Yəmənə, Somaliyə çevrilməsinin qarşısını aldı. Heydər Əliyevin həmin dövrdə apardığı böyük islahatlar Azərbaycanı planlı təsərrüfatdan bazar iqtisadiyyatlı bir ölkəyə çevirdi. Xalq arasında milli ruh yüksəldi. Ordu faktoruna çox ciddi əhəmiyyət verildi. Eyni zamanda, beynəlxalq aləmdə böyük işlər görüldü. Azərbaycanın dostlarının sayı artdı. Nəticədə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə böyük qələbə qazandı. Üç böyük rayon bir güllə atılmadan işğaldan azad edildi. Dünya tarixində belə hadisə nadir hallarda görülüb".

Deputat sözlərinə davam edərək bildirib ki, daha sonra bütün sahələr üzrə aparılan məqsədyönlü işlər nüfuzumuzu artırdı, ordumuzu gücləndirdi, həqiqətlərimiz ümumdünya səviyyəsinə çatdırıldı: "Separatçı rejimə dəfələrlə Azərbaycana reinteqrasiya olunması üçün təkliflər verildi. Amma bütün bunlar mümkün olmadıqda ordumuz antiterror tədbirlərinə başlayaraq 24 saatdan az bir müddətdə separatçı rejimin mövcudluğuna son qoydu. Yevlaxda, Xocalıda keçirilən görüşlər Azərbaycan suverenliyinin təntənəsi oldu. Vaxtilə Əskəran yolunda beton bloklar qoyaraq Azərbaycan maşınlarının həmin əraziyə daxil olmasına imkan verməyən insanlar bu gün oradan qaçırlar. Çünki onlar cinayət törədiblər. Bugünkü gündə Azərbaycan nömrəli maşınlar keçmiş Dağlıq Qarabağ bölgəsində rahat hərəkət edir. Oradakı vətəndaşların sosial problemlərinin həlli üçün dövlət səviyyəsində addımlar atılır. Humanitar yardımın, Xankəndində baş verən partlayışdan zərər çəkən insanlar üçün sarğı materiallarının, dərmanların göndərilməsi onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində dövlətçiliyin əsası düzgün qoyulub".

"Azərbaycanı müstəqillik yolu ilə apara bilən, dövlətçilik təfəkkürü olan idarəçilər yetişdirib. Heydər Əliyev siyasi məktəbinin uğurlu məzunu Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində dövlətimiz ard-arda uğurlar qazanır. Bu, bizim haqqımızdır. Biz bunu edə bildik və buna layiqik. Bu gün dünya Azərbaycanın öz suveren hüquqlarını qoruması istiqamətində fəaliyyətinə hörmətlə yanaşır. Bizə qarşı qərəzli olanlar isə gec-tez Azərbaycan həqiqətlərini qəbul etməli olacaqlar",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə