"Yevlax görüşü Ermənistanın öz səhvini anladığının göstəricisidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qarabağda lokal antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan tərəfinin diqtəsi nəticəsində erməni icması ilə dialoq nəzərdə tutuldu. Bunun üçün önəmli yer Yevlax şəhəri müəyyən edildi. Bu gün erməni əsilli Azərbaycan vətəndaşları görüşdə iştirak etdilər. Onların ərzaq, kommunal, yanacaq və s. kimi bütün xahişlərinə Azərbaycanın mərkəzi hakimiyyətinin cavabı müsbət oldu. Onsuzda dünən Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı erməni əsilli vətəndaşlarımıza da müraciət etdi ki, əgər Azərbaycan qanunlarını qəbul etmiş olsalar onlara artıqlaması ilə konstitusion hüquqlar veriləcək və həyat şəraitləri indikindən qat-qat yaxşı olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, bugünkü Yevlax görüşü də onu göstərdi ki, dövlətimiz erməni əsilli Azərbaycan vətəndaşlarının daha rahat yaşaması üçün hər şey etməyə hazırdır, təki separatçı meyillər olmasın və insan ölməsin: "Əgər erməni tərəfi separatçı meyillərdən uzaq duracaq, Azərbaycan Respublikasının Konstitusiyasına riayət edəcəklərsə, təbii ki yüz illər boyu torpaqlarımızda yaşayan bu insanlarla bağlı heç bir problem olmaz. Hələ üstəlik Yevlax görüşündə o da məlum oldu ki, Qarabağda keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanda ərazi bütövlüyümüz təmin olunmaqla yaxın gələcəkdə Ermənistan Respublikası ilə sülh müqaviləsinin imzalanmasına çox az qalıb".

"Əslində, sülhü hər iki xalq istəməlidir. Şübhəsiz ki, Azərbaycan xalqı dövlət başçısı səviyyəsində əmin-amanlıq üçün mümkün olan hər şeyi edir. Erməni tərəfi də faşist təfəkküründən, cinayətkar mövqeyindən uzaqlaşmış olsa, bu müqavilə imzalana bilər. Bugünkü görüş onu göstərir ki, Ermənistan tərəfi öz səhvlərini anlayır, Azərbaycan dövlətinin bu problemə humanist yanaşmasını əyani görür",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə