"Azərbaycan döyüşdə olduğu kimi sosial həyatda da yeni qələbələr qazanır" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri və bu tədbirlər nəticəsində separatçıların "ağ bayraq" qaldıraraq təslim olması Azərbaycanın yeni bir tarixi qələbəsidir. Çünki uzun müddətdir ki, erməni separatçıları bu torpaqlarda yurd salıb və Azərbaycan dinc sakinlərinə qarşı kütləvi qətllər, terror aktları həyata keçirib. Müharibədən sonra imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistanın həmin silahlı birləşmələri əraziləri tərk etməli idilər. Lakin təəssüflər olsun ki, onlar bəyanatın müddəalarını pozdular. Nəinki həmin ərazilərdə dinc dayandılar, əksinə yenidən silahlanmaya, səngərlər qazmağa başladılar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, erməni separatçıları öz havadarlarının dəstəyi ilə həmin əraziyə külli miqdarda hərbi-texniki sursat cəlb etdilər: "Bu, 24 saatlıq antiterror tədbirlərdə bir daha özünü göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyana, eləcə də Qarabağda yerləşən separatçılara müraciət edərək sülhə gəlmələrini təklif edib və ərazini tərk etmələrinin vacibliyini bildirib. Amma heç bir nəticə olmadı. Erməni separatçıları Azərbaycan vətəndaşlarına qarşı yeni terror aktları, sui-qəsdlər törətməyə başladılar. Son günlərdə ərazilərin yenidən minalanması, yol və polis işçilərinin həlak olması, atəşkəsin tez-tez pozulması göstərdi ki, erməni separatçıları ilə yalnız hərb yolu ilə danışmaq lazımdır. Belə olduğu halda Azərbaycan Prezidenti yenidən hərb yolunu seçdi və antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz hesab etdi. Ölkə başçısı dünənki müraciətində də bunu bir daha bildirərək qeyd etdi ki, biz antiterror tədbirlərin keçirilməsinə məcbur edildik".

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan rəhbərliyi, separatçılar danışıqlardan, müraciətlərdən və çağırışlardan heç bir nəticə çıxarmadılar: "Ölkə rəhbəri Azərbaycan Ordusunun yeni qələbəyə imza atdığını bildirdi. Sözsüz ki, biz torpaqlarımızı düşməndən tamamilə təmizləməyə, ölkə daxilində hər bir vətəndaşın hüquqlarını qorumağa, dövlətin konstitusion hüquqlarını tətbiq etməyə borcluyuq. Bunun üçün bizim hər cür imkanımız var. Azərbaycan Prezidenti onu da söylədi ki, Qarabağda yaşayan ermənilər uzun müddət silahlı xunta rejiminin köləsi olub, onlar tərəfindən silahlanmaya məcbur edilmişlər. Ancaq separatçılar bu ərazini tərk etdikdən sonra onların rifahı yaxşılaşacaq, xoşbəxt bir həyata qədəm qoyacaqlar. Dövlət başçısı çıxışında qeyd etdi ki, biz müxtəlif sosial proqramlar icra edirik. Bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər görülür: "Yollar çəkilir, tunellər qazılır, yeni binalar tikilir, həmin ərazilərdə beynəlxalq əhəmiyyətli təyyarə meydanları istifadəyə verilir. Əhali öz dədə-baba yurdlarına köçməkdədir".

"Cənab Prezident əhaliyə müraciətində Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizi vurğulayıb. Bu işlər Xankəndində, Ağdərədə, Xocavənddə də görüləcək və həmin ərazilərdə yeni bir həyat yaradılacaqdır. Əlbəttə ki, bu ermənilərə verilən xeyirxah mesajdır. Dövlət başçısı bildirir ki, Qarabağda yaşayan ermənilərin hüquqlarını Azərbaycanda yaşayan digər milli azlıqların hüquqları kimi müdafiə edəcəyik. Bu, bir dövlət kimi Azərbaycanın borcudur. Əlbəttə ki, ölkə rəhbəri bu sözləri deyərkən Azərbaycan xalqının birliyinə, dövlətin iqtisadi inkişafına, beynəlxalq aləmdə əldə olunan nailiyyətlərimizə əsaslanır. Çünki ermənilər 30 ildən çox bu əraziləri viran qoyublar. Amma müraciətdə qeyd olunduğu kimi, heç bir xarici dəstək olmadan həmin ərazilər yenidən bərpa olunur, abadlaşdırılır. Görülən möhtəşəm işlər dünyanı heyran edir. Azərbaycan döyüşdə olduğu kimi sosial həyatda da yeni qələbələr, yeni uğurlar qazanır. Təbii ki, bu Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin, xalqın ona dəstək verməsinin və azərbaycanlıların bir məqsəd uğurunda səfərbər olmasının ifadəsidir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə