"Rusiya artıq mövcud vəziyyətlə barışıb" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Rusiyanın vermiş olduğu pasportlar əsasında Azərbaycan əraziləri olan Xankəndi və ətraf yerlərdə yaşayan erməni əsilli vətəndaşlarımız son günlərdə rus sülhməramlılarının dəstəyi ilə əraziləri tərk edirlər. Bu da ondan xəbər verir ki, Rusiya da artıq mövcud vəziyyətlə barışıb. Rusiya özü də üçtərəfli bəyanatın bir tərəfidir. Həmin bəyanatda qeyd olunub ki, Azərbaycan ərazilərində olan qeyri-qanuni hərbi birləşmələr həmin ərazilərdən çıxarılmalıdır. Eyni zamanda, o ərazilərdə yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bununla da Azərbaycan vətəndaşlarının sahib olduğu hüquqlardan həmin ermənilər də əldə edəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bugünkü gündə ermənilər həmin ərazilərdən rus pasportları vasitəsilə çıxarılırsa, biz bundan mövcud vəziyyəti başa düşdüklərini və separatçıların yeni bir təxribata əl atacağını ehtimal edirik: "Əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa, orada müəyyən siyahıyaalma prosesi olacaq. Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi zaman məlum olmuşdu ki, Şuşa, Kəlbəcər, Laçın və digər ərazilərimizə Suriya, Livan və başqa ölkələrdən erməni əsilli vətəndaşlar köçürülmüş, onlara müəyyən imtiyazlar verilmişdir. Mütləq ki Xankəndi və ətraf ərazilərə də o cür ailələr köçürülüb".

"Rusiya da başa düşür ki, artıq sülh müqaviləsi qaçınılmazdır və ya yenə də erməni təxribatı baş tutacaq. Bu zaman da Azərbaycan yenidən anti-terror əməliyyatı həyata keçirəcək. Dövlətimiz bir daha "dəmir yumruğu" göstərəcək ki, Ermənistan Azərbaycanla oyun oynamaq yox, sülh sazişi imzalamalı olduğunu anlasın"-, deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə