"Vətən sizə minnətdardır!" - DEPUTAT ŞƏRH ETDİ

"1997-ci ildən Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Müsəlman Şərqində ilk parlamentli respublikanı elan edən Cümhuriyyətin liderləri ölkəni daxili və xarici təhlükədən qorumaq üçün “Əksinqilabla mübarizə təşkilatı”adlı xüsusi xidmət orqanını yaratdılar. O zaman müstəqil Azərbaycan üçün ən böyük təhlükə “vahid və bölünməz Rusiya” uğrunda mübarizə aparan Denikin ordusu, proletar beynəlmiləlçiliyini əldə bayraq edən bolşevik Rusiyası və “Böyük Ermənistan” yaratmaq xülyası ilə azərbaycanlılara qarşı tarixdə görünməmiş vəhşiliklər və soyqırımlar törədən daşnak Ermənistanı idi.1920-ci ilin martına kimi bu təşkilat hər üç istiqamətdə dövlətin təhlükəsizliyi baxımından uğurlu əməliyyatlar həyata keçirə bildi.Çox təəssüflər olsun ki, təşkilatın əməkdaşları arasında müxtəlif partiya və siyasi cərəyanların nümayəndələrinin olması dövlətin maraqları baxımından onun fəaliyyətinə mane olurdu. Milli hökumət Denikin təhlükəsi aradan qalxan kimi 1920-ci ilin martında Əksinqilabla mübarizə təşkilatını ləğv etdi.Halbuki, ölkə bolşevik işğalı ərəfəsində idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, 1920-ci ilin aprelindən Azərbaycan bolşevik ordusu tərəfindən işğal olundu: "Sovet-partiya rəhbərliyi və xüsusi xidmət orqanları bolşevik rejimini gücləndirmək üçün Azərbaycanın vətənpərvər ziyalılarına qarşı repressiyaya başladılar.Azərbaycanda uzun illər xüsusi xidmət orqanlarına qeyri azərbaycanlılar rəhbərlik etmiş və onun acı nəticələrini xalqına və torpağına məhəbbəti olan insanlar yaşamışlar.

Nəhayət, 1967-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə irəli çəkildi.Heydər Əliyev 1944-cü ildə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, Leninqradda xüsusi ali təhsil almış, leytenant general rütbəsinədək yüksəlmişdir. O, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir və 1964-cü ildə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunmuşdu. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilənə qədər Dövlət Təhlükəsizliyi strukturunda milli kadrların sayının artırılması və irəli çəkilməsində müstəsna xidmətləri olmuşdur.Məhz Heydər Əliyevin bu məsul rəhbər vəzifədə olduğu illərdə Azərbaycan xalqına xidmət edən, onun təhlükəzisliyinə cavabdeh əməkdaşların sayı artdı. Heydər Əliyev sonradan Sovet dövlətini idarə edən rəhbər şəxslərdən olduğu dövrdə də xüsusi xidmət orqanlarına , xüsusilə azərbaycanlı əməkdaşlara müstəsna qayğı göstərmiş və onları öz himayəsinə almışdır".

Deputat sözlərinə davam edərək bildirib ki, Sovet dövlətinin süqutundan sonra Azərbaycan xüsusi xidmət orqanları erməni təcavüzü ilə üz-üzə dayandılar: "Ermənistanın xüsusi xidmət orqanları Azərbaycana qarşı terror aktlarını və pozuculuq fəaliyyətini gücləndirdilər. Bakı metrosunda və müxtəlif vaxtlarda sərnişin avtobuslarında törədilən partlayışlar nəticəsində yüzlərlə vətəndaşımız həyatını itirmiş və ömürlük şikəst olmuşlar.

Qarabağda erməni silahlı quldur dəstələri xalqımıza qarşı əsl soyqırım siyasətini həyata keçirməyə başladılar.Qərbi Azərbaycanda xalqımıza qarşı həyata keçirilən soyqırım miqyasına və amansız cəza üsullarına görə daha dəhşətli olmuşdur. Ölkənin belə ağır vəziyyətində Heydər Əliyev doğma xalqının imdadına çatdı.O, bütün çətinlikləri dəf edərək ölkəni qardaş qırğınlarından, vətəndaş müharibəsindən qurtardı, erməni daşnak qüvvələrinin hücumunu dayandırdı.Düşmənin terror və diversiyalarına son qoymaq üçün Heydər Əliyev xüsusi xidmət orqanlarının yenidən qurulmasına nail oldu.Vaxtilə Heydər Əliyevin məktəbini keçmiş xüsusi xidmət orqanlarının ən peşəkar zabitləri rəhbər vəzifəyə gətirildi və onlar da etimadı doğrultdular.

Belə zabitlərdən biri də hazırda Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edən general-polkovnik Əli Nağıyevdir. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kursunu bitirdikdən sonra Azərbaycan SSP Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizliyi Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir.Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2005-ci il Sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmuşdur.

Hələ gənc yaşlarında Qarabağ bölgəsində xüsusi xidmət orqanının zabiti kimi düşmənə qarşı əməliyyat tədbirlərinin hazırlanmasında, düşmənin təxribatlarının qarşısının alınmasında xüsusi igidlik göstərmişdir. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu düşməni darmadağın etdi. Bütün dövlət qurumları, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Vətən Müharibəsində düşmənin təxribatlarının qarşısının alınmasında, düşmənin antiazərbaycan planlarının ifşa olunmasında əlindən gələni etdilər.Şübhəsiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbədə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları və bu quruma rəhbərlik edən general-polkovnik Əli Nağıyevin böyük əməyi vardır.

…Qarabağ müharibəsi başa çatmışdır,amma ermənilərin Azərbaycan xalqına düşmən münasibəti davam edir. Ermənilər ərazilərimizin minalanması, yeni-yeni diversiya qruplarının ərazilərimizə göndərilməsi kimi mənfur niyyətlərindən əl çəkməmişlər. Ona görə də xüsusi xidmət orqanları düşmənin hər cür təxribatlarını ifşa edir, dövlətimizə və xalqımıza vicdanla xidmət edir.

Bəzi qərb dövlətlərinin 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı qələbəyə ədalətsiz mövqe sərgiləməsi məlumdur.Azərbaycanın dövlət başçısı İlham Əliyev cənabları bəzi qərb dövlətlərinin ədalətsiz münasibətinə və təhdidlərinə qəhrəman kimi sinə gərdi, onların əsassız iddialarını ifşa etdi, məkrli niyyətlərini ürəklərində qoydu.

Otuz il ərzində Qarabağı xarabalığa çevirən, tarixi və dini abidələrimizi yerlə-yeksan edən, on minlərlə insanımızı ən qəddar üsullarla məhv edən, bir milyon insanı öz evindən və eşiyindən məhrum edən Ermənistana haqq qazandıranları tarix heç vaxt bağışlamayacaq.

Hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə Dövlət Təhlükəsizlik xidməti əməkdaşlarını və bu orqana uğurla rəhbərlik edən general-polkovlik Əli Nağıyevi təbrik edirəm. Vətən sizə minnətdardır!"

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə