Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən martın 23-də səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab verib. SİA xəbər verir ki, o, Paşinyanın iddialarını pisləyib:

"Tərəfimizdən müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız iddialarını pisləyir və rədd edirik.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir.

Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin.

Bütün xəbərlər Facebook səhifəmizdə