"Fransa öz keçmişindən utanmalıdır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Bu gün Fransada yenidən bəşəri dəyərlərə, beynəlxalq hüququn prinsiplərinə, çox sayda insanın inanclarına hörmətsizlik kimi qəbul oluna biləcək müzakirələr başlamaqdadır. Mən hesab edirəm ki, bunun kökündə başlıca olaraq Fransa dövlətinin imperialist tarixi yaddaşı və neoimperialist iddiaları dayanır. Fransanın XXI əsrdə dünyanın demək olar ki, əksər bölgələrindən biyabırcasına qovulduğu indiki dövrdə özünün etdiyi səhvlərə, tarixi keçmişinə dönüb baxmaq və onlardan nəticələr çıxarmaq əvəzinə onun atdığı qeyri-demokratik addımlara qarşı aqressiv reaksiya verən cəmiyyətlərə hücumlar etməyə başlayıb. Düşünürəm ki, Fransada islamofobiya, türkofobiya istiqamətində müzakirələrin aparılmasında da əsas hədəflərdən biri budur. İslamı terrorçu bir din kimi qiymətləndirməyə çalışan Fransa rəsmilərinə, ictimai nümayəndələrini sadəcə olaraq yaxın keçmişdə törətdiyi kütləvi qırğınlara, müharibələrə diqqət yetirməyə çağırıram". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, tarixlərində 5 dəfə "demokratik respublika" yaratdıqlarını fəxrlə bəyan edən Fransa rəsmilərinə xüsusilə kaloniyalarda törətdikləri qətliamları xatırlatmaq istəyirəm: "Məsələn, XIX əsrin ortalarında məhz müsəlman olduğuna görə Əlcəzairi işğal etdiyi dövrdə milyonlarla insanı qətl etdi. Bundan əlavə, 1830-cu ildə Fransanın Əlcəzairə ilk dəfə daxil olanda öldürülən müsəlmanların sayı milyonlara çatırdı".

Politoloq sözlərinə davam edərək bildirib ki, belə bir dövlətin İslamı terror dini adlandırması gülünc doğurur: "Mən hesab edirəm ki, dinimizə, peyğəmbərimizə qarşı atılan bu addımlar, səslənən fikirlər Fransa dövlətini nüfuzdan salır. Fransanın tarixində yalnız Afrika xalqlarına deyil, həmçinin öz qonşu Avropa ölkələrinə, türk xalqlarına qarşı da kifayət qədər amansız soyqırımlar baş verib. XX əsrin əvvəllərində Türkiyədə müstəqillik uğrunda mübarizə başladılarkən korrupsiya qüvvələrinə rəhbərlik edən ölkələrdən biri də Fransa idi. Məhz Türkiyə kəndlərində dinc insanlara qarşı amansız işgəncələr törədən qüvvələr içərisində yunanlar və fransızlar digərlərindən fərqlənirdi. Fransa rejimi hər zaman törətdikləri bu qətliamları öz tarixi səhifələrində qələbə kimi qeyd etməyə çalışıb. Keçmişindən utanmaq əvəzinə Fransa rejiminin belə addımlar atması bütün dünyada demokratik dəyərlərin deqradasiyaya uğradığını göstərir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə