“Türkiyədə sabitliyi pozmaq istəyirlər” -SABİQ SƏFİR AÇIQLADI

“İstanbulda xain və alçaqcasına baş verən terror hücumunu kəskin şəkildə qınayıram”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, İstanbulda baş verən terror Türkiyədəki sabitliyi və sülhü pozmağa yönəlib: “Ancaq terroristlər bunu bacara bilməyəcək. Türkiyənin polis əməkdaşları 12 saatlıq bir vaxt ərzində cinayətkar qadını tutdu. Bilirik ki, Qərbyönümlü bəzi dövlətlər terroru dəstəkləməklə insanlıq cinayətinə ortaq olmaqdadır. Terroru dəstəkləmək olmaz, ancaq xainlər və cinayətkarlar dəstəkləyir. Türkiyənin inkişafını və sabitliyini pozmaq istəyən güclər, bu inkişafdan narahat olmaqdadır. Bu baxımdan, Türkiyə gərəkli cavabı verəcəkdir və terrorun arxasında kim varsa, ortaya çıxaracaqdır. Bütün dünya terroru qınamalıdır. Taksimdə gəzən məsum insanların ölməsi qəbuledilməzdir. Terrordan ölən şəhidlərimizə Allah rəhmət eləsin. Yaralılara təcili şəfa diləyirəm. Ayrınca Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin yanında olması və bu terror hücumuna həssaslıqla yanaşdığı üçün təşəkkür edirəm”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə