Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda media forum keçirilir - FOTOLAR

Bakıda "Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda media forum keçirilir. SİA xəbər verir ki, forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi, təcrübəli media nümayəndələri ilə görüş və fikir mübadiləsinin təşkili, həmçinin rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi ilə bağlı praktiki biliklərinin artırılmasıdır.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, ölkənin aparıcı media qurumları, ali təhsil müəssisələrinin təmsilçiləri, eyni zamanda jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan gənclər iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən “Azerconnect Group”un baş direktoru Emil Məsimov tariximizin ən önəmli anlarında medianın ölkənin milli maraqlarının qorunmasına öz töhfəsini verdiyini vurğulayıb. Müasir dövrdə media anlayışının rəqəmsal texnologiyalar və yeni kommunikasiya vasitələri ilə yenidən formalaşdığına diqqət çəkən baş direktor bu transformasiyada gənc nəslin həlledici rol oynadığını qeyd edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur. O, istedadlı gənclərimizin öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklərinə və bu prosesdə qazanan tərəfin Azərbaycan mediası, bütövlükdə isə ictimai fikir olacağına inamını ifadə edib.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə çıxışında “Əkinçi” qəzetindən başlanan Azərbaycan milli mətbuat tarixinin zəngin inkişaf yoluna nəzər salıb. O qeyd edib ki, bu tarixi irs indi də medianın əsas missiyasını müəyyənləşdirir və yeni nəsil jurnalistlərin formalaşmasında mühüm rol oynayır.

Forum panel müzakirələrlə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə