Media kapitanlarının Yeni ildən gözləntiləri NƏLƏRDİR? - SORĞU

Bildiyiniz kimi, Yeni ilin daxil olmasına sayılı günlər qalıb. Təbii ki, hər kəsin 2023-cü ildən müxtəlif gözləntiləri var. Gəlin görək, media rəhbərlərinin Yeni ildən gözləntiləri nələrdir. SİA mövzu ilə bağlı media kapitanları arasında sorğu keçirib.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Yeni ildən gözləntilərimiz ümumi şəkildə dövlətçilik və ictimai mənafelər çərçivəsində müsbət yöndədir. Xalqımızı narahat edən mövcud problemlərin həlli yönündə daha təsirli addımların atılmasını və dövlətimiz üçün hər şeyin xeyirli olmasını arzulayıram. Qalan şeylər təbii ictimai-siyasi proseslərin və tanrının hökmüdür. Əlbəttə ki, Azərbaycan mediasının, xüsusilə də çap mediasının vəziyyətinin yaxşılaşdırılması üçün uğurlu işlər görülməsinə ehtiyac var. Ona görə ki, çap media bizim milli sivilizasiyanın ayrılmaz bir hissəsidir. İnformasiya siyasətimizin inkişaf etdirilməsinə daha güclü dəstəyin verilməsi əhəmiyyətli addım olardı. Azərbaycan elə bir mərhələdədir ki, hər hansı bir sahənin inkişafı dövlətin dəstəyi və yardımı olmadan mümkünsüzdür. Əgər mediada yeni bir mərhələnin fəth olunmasını mütləq dövlətin yeni keyfiyyətdə dəstəyi olmalıdır”.

“Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı: “Hər şeydən öncə Yeni ilin dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirəm. Arzu edirəm ki, Azərbaycanın bu sürətli inkişafı, xüsusən də işğaldan azad olunmuş müqəddəs torpaqlarımızda abadlıq və quruculuq işləri davamlı olsun. Eyni zamanda, rus sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında dövlətimizin bayrağı dalğalansın. Xalqımız firavan həyat yaşasın. Bu bir vətəndaş kimi ən vacib arzularımızdır.

Şəxsi işlərimizdə də uğurlar əldə etməyi, fəaliyyətimizin həm özümüzə, həm ətrafımıza, həm də dövlətimizə faydalı olmasını arzu edirəm. Qarşıdan gələn Yeni il Azərbaycan tarixində yadda qalan bir mərhələ olsun”.

“Yeni Sabah” saytının baş redaktoru Seymur Verdiyev: “Bütün xalqımın qarşıdan gələn bayramını təbrik edir və xeyirli-uğurlu bir il arzu edirəm. 2023-cü il ilə bağlı gözləntilərim böyükdür. Mən əslən Qarabağdan olan qələm adamıyam. Ümid edirəm ki, 2023-cü ildə Qarabağda quruculuq-abadlıq işləri daha geniş vüsət alacaq və biz yeni ildə orada olan bir çox kənd və qəsəbələrin inşasının şahidi olacağıq. Düşünürəm ki, 2023-cü ildə Qarabağda məskunlaşma istiqamətində ciddi addımlar atılacaq.

Ümidvaram ki, qarşıdan gələn ildə Azərbaycanda media azadlıqları daha da genişlənəcək, həmçinin 2023-cü ildə insan hüquq və azadlıqlarının müdafiəsi yönündə daha mühüm addımlar atılacaq. Azərbaycan mediası yalnız regionda deyil, Azərbaycan hüdudlarından kənarda da tanınacaq. Biz Azərbaycanın xalq səsini ölkəmizin sərhədlərindən kənarda da duyura və Erməni təxribatlarına informasiya müharibəsi müstəvisində cavab verə biləcəyik”.

“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı: “Bildiyiniz kimi, hal-hazırda Xankəndi yolunda aksiya gedir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri aksiyada çox fəal iştirak edirlər. Əlbəttə ki, bu yolun bağlanması anlamına gəlmir, istənilən humanitar yardımlar oradan keçə bilər. Bizim ən böyük gözləntimiz bu aksiyanın öz nəticələrini verməsidir. Əvvəla, Azərbaycan torpaqlarının talanmasına son qoyulmalı, Xankəndinə öz nəzarətini bərpa etməlidir. Bizim 2023-cü ildən ilkin olaraq gözləntimiz ondan ibarətdir ki, Azərbaycan Xankəndi və ətraf ərazilərdə suverenliyini tətbiq etsin”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə