On altı yaşında layihə hazırladı, beynəlxalq mükafat qazandı...

...Şəms Musayeva ilə MÜSAHİBƏ
On altı yaşında layihə hazırladı, beynəlxalq mükafat qazandı...

Azərbaycanda innovasiya və sahibkarlıq sahəsinə maraq göstərən gənclərin sayı getdikcə artır. Onların arasında artıq beynəlxalq arenada uğur qazanan məktəblilər də var. Cəmi 16 yaşı olmasına baxmayaraq, Şəms Musayeva artıq innovasiya və startap sahəsində diqqət çəkən gənclərdən biridir. O, tələbə və gənclərin təcrübə proqramlarına çıxışını asanlaşdırmağı hədəfləyən “InTurn” platformasının müəllifidir. Şəms Musayeva layihəsi ilə beynəlxalq müsabiqələrdə iştirak edir. Məqsədi Azərbaycanı bütün dünyada tanıtmaq və nüfuzlu universitetlərdə təhsil almaqdır.

SİA xəbər verir ki, AZƏRTAC-a müsahibəsində Şəms Musayeva layihəsinin yaranma hekayəsindən, beynəlxalq müsabiqədə qazandığı uğurdan, gələcək hədəflərindən danışıb.

–Əvvəlcə özünüz haqqında məlumat verərdiniz.

–16 yaşım var və 10-cu sinfi başa vurmuşam. Hazırda universitetə hazırlaşıram və eyni zamanda müxtəlif layihələr üzərində çalışıram. Gələcəkdə biznes və iqtisadiyyat sahəsində təhsil almaq istəyirəm. Hədəfim ABŞ, Böyük Britaniya və ya Avropanın nüfuzlu universitetlərindən birində təhsilimi davam etdirməkldir

– Niyə məhz biznes və iqtisadiyyat sahəsini seçmisiniz?

– Bu sahə mənə çox maraqlıdır. Anam həkimdir və onun işinin nə qədər məsuliyyətli olduğunu yaxından görürəm. Həkimliyin birbaşa insan həyatı ilə bağlı, olduqca çətin və məsuliyyətli bir peşə olduğunu düşünürəm. Mən isə biznes və iqtisadiyyat istiqamətində özümü daha rahat hiss edirəm. Hazırda da bu sahə üzrə biliklərimi artırmağa çalışıram.

– Hazırladığınız layihə haqqında danışardınız. Bu ideya necə yarandı?

– Bu ildən başlayaraq innovasiya və startaplarla bağlı kurslarda iştirak edirəm. Orada müxtəlif ideyalar üzərində işləyir, problemlərin həlli yollarını müzakirə edən zaman, təcrübə proqram tərtibatı ilə bağlı layihə ideyası yarandı. Ümumilikdə, müxtəlif iş yerlərində tez-tez təcrübəli əməkdaş tapmaqda çətinliklər olduğunu eşidirdim. Digər tərəfdən də gənclərin iş tapmaq üçün lazımi təcrübəyə malik olmaması diqqətimi çəkirdi. Beləliklə, işəgötürənlərlə tələbələr arasında körpü rolunu oynayacaq platforma yaratmaq qərarına gəldim. Layihənin adı “InTurn”dur. İngilis dilində “təcrübəçi” mənasını verir və layihənin məqsədini əks etdirir.

– Layihənizin əsas məqsədi nədir?

– Məqsədimiz tələbələrin və gənclərin təcrübə proqramlarına daha rahat çıxış əldə etməsidir. Platformamız vasitəsilə tələbələr müxtəlif şirkətlərdə təcrübə keçə, bacarıqlarını inkişaf etdirə və gələcək iş həyatına hazırlaşa biləcəklər.

– Platforma necə fəaliyyət göstərəcək?

– İstifadəçilər platformada qeydiyyatdan keçərək CV-lərini yerləşdirəcəklər. Burada müxtəlif təcrübə proqramları, vakansiyalar və inkişaf imkanları təqdim olunacaq. Şirkətlər isə öz tələblərinə uyğun namizədləri seçə biləcəklər. Bundan əlavə, tətbiq daxilində müxtəlif kampaniyalar və tərəfdaş şirkətlərin təklifləri də yerləşdiriləcək.

– Layihənin maliyyə modeli necə qurulub?

– Tələbələr üçün platformanın aylıq abunə şəklində olması nəzərdə tutulur. Məqsədimiz layihəni hər kəs üçün, əsas da tələbələr üçün əlçatan etməkdir.

– Sizcə, bu layihə şirkətlərə hansı faydaları və ya imkanları vəd edir?

– Bu gün bir çox şirkət peşəkar kadr çatışmazlığı ilə üzləşir. Platformamız vasitəsilə onlar gələcək əməkdaşlarını əvvəlcədən tanıya, təcrübə proqramları zamanı onların potensialını qiymətləndirə biləcəklər. Bu, həm tələbələr, həm də işəgötürənlər üçün faydalı modeldir.

– Layihə üzərində tək çalışırsınız?

– Xeyr, layihənin biznes planı və iqtisadi tərəfləri üzərində Yunus Kərimzadə ilə birlikdə işləyirik. Mən ideyanın müəllifiyəm, o isə layihənin texniki və biznes inkişafı istiqamətində mənə dəstək olur.

– Proqramlaşdırma və texnologiyaya marağınız nə vaxt yaranıb?

– Texnologiyaya hər zaman marağım olub. Lakin proqramlaşdırma sahəsində peşəkar biliklərə malik deyiləm. Layihənin texniki hissəsində komandamızın üzvü tələbə yoldaşım Yunsun böyük rol var. Mən platformanın konsepsiyasını və funksiyalarını hazırlamışam, texniki hissə isə komanda işi nəticəsində formalaşıb.

– Layihənin hazırlanması nə qədər vaxt aparıb?

– İdeyanın formalaşması bir neçə həftə çəkdi. Daha sonra komandanı topladıq və saytla mobil tətbiqin hazırlanması üzərində təxminən 3-4 ay işlədik. Bu layihə ilə Rumıniyada keçirilən beynəlxalq startap müsabiqəsində iştirak etdik və ikinci yerə layiq görüldük. Bu nəticə bizim üçün böyük motivasiya oldu.

– Təhsil aldığınız məktəbin bu uğurda rolu olubmu?

– Bəli. “Landau School” mənə güclü akademik baza qazandırıb. Xüsusilə ingilis dili biliklərim beynəlxalq proqramlarda iştirak etməyimə imkan verib. Məktəbdəki inkişaf yönümlü mühit də mənim formalaşmağımda mühüm rol oynayıb.

– Gələcəkdə hansı universitetlərdə təhsil almağı arzulayırsınız?

– ABŞ-ın aparıcı universitetlərində təhsil almaq istəyirəm. Harvard, Columbia, Brown, Johns Hopkins kimi universitetlər maraq dairəmdədir. Əsas məqsədim biznes və iqtisadiyyat sahəsində keyfiyyətli təhsil almaqdır.

– ABŞ-da təhsil almaq istəyiniz necə yarandı?

– Doqquzuncu sinifdə oxuyarkən ABŞ-ın Men ştatında yerləşən Freiburg Academy məktəbində altı ay təhsil almışam. Həmin təcrübə mənə çox təsir etdi və gələcək təhsilimi də beynəlxalq mühitdə davam etdirmək istəyimi daha da gücləndirdi.

– Hazırda başqa layihələr üzərində də işləyirsiniz?

– Bəli. “InTurn” layihəsini inkişaf etdirməklə yanaşı, enerji gərginliyini tənzimləyən innovativ stabilizator layihəsi üzərində də çalışırıq. Bu qurğu mövcud analoqlarla müqayisədə daha yüngül və daşınması daha rahat olacaq.

– Bu layihənin üstünlüyü nədir?

– Xəstəxanalar və digər vacib obyektlər üçün faydalı ola bilər. Elektrik enerjisində yaranan problemlər bəzi hallarda ciddi nəticələrə səbəb olur. Hazırladığımız sistem isə gərginliyin qısa müddətdə tənzimlənməsinə kömək edə bilər. Layihənin ilkin prototipi hazırlanıb. Uğurlu nəticə əldə etsək, layihəni beynəlxalq səviyyədə təqdim etmək imkanımız olacaq.

– Ailənizin sizə dəstəyi barədə nə deyə bilərsiniz?

– Ailəmin, xüsusilə də anamın dəstəyi mənim üçün çox önəmlidir. O, hər zaman mənə məsləhət verir, motivasiya edir və ideyalarımı həyata keçirməyim üçün kömək göstərir. Anam mənim ən yaxın dostlarımdan biridir.

– Azərbaycanlı yeniyetmələrə, həmyaşıdlarına hansı tövsiyələri vermək istərdiniz?

– Dostlarıma və ümumilikdə, bütün gənclərə demək istəyirəm ki, heç vaxt məqsədlərindən geri çəkilməsinlər. İnkişafın sonu yoxdur. İnsan daim öyrənməli, öz üzərində işləməli və hədəfinə çatana qədər dayanmayaraq irəliləməlidir. Ən vacib məsələ inadkarlıqdır. İnsan qarşısına məqsəd qoyub onun üzərində davamlı işləməlidir. Əgər bir ideyanız varsa, onu həyata keçirməkdən çəkinməyin. Heç vaxt “alınmaz” düşüncəsinə qapılmayın. Davamlı çalışan insanlar gec-tez nəticə və uğur əldə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə