Nə zaman qida zəhərlənməsi baş verə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Yay fəsli olduğu üçün qida zəhərlənmələri ən çox rastlaşdığımız zəhərlənmə növüdür. Qida zəhərlənməsinin ilkin əlamətləri deyəndə əvvəlcə nə vaxt qida zəhərlənməsi baş verə bilər, buna baxmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

O bildirib ki, istər hazır yeməklər olsun, istər bişirilib açıq havada saxlanılan yeməklər olsun öz keyfiyyətini itirdiyi üçün qidanın tərkibi pozulur: "Həmin vaxt orqanizmə qəbul olan toksinlərdən zəhərlənmə halları baş verir. Ona görə hazırlanmış qidalar yay fəslində soyuducuya yerləşdirilməli və düzgün şəkildə istifadə olunmalıdır. Bir neçə gün əvvəl hazırlanmış qida məhsullarından istifadə etmək ümumiyyətlə, düzgün deyil. Daha sonra hazırlanmış qidaları vaxtında qəbul etmək məsləhətdir. Təkrar qızdırılıb qəbul olunan qidaların heç bir qida rasionu üçün xeyri yoxdur, yəni tərkibindəki vitaminlər artıq öz keyfiyyətini itirir. Ona görə də bunlardan da zəhərlənmə halları tez-tez baş verir.

Qida zəhərlənmələrinin ilkin əlamətləri olaraq ürək bulanma, baş gicəllənməsi, baş ağrısı, qaytarma, qusma, halsızlıq, qarında küt ağrı, sancılar kimi şikayətlər ortaya çıxa bilər. Ümumiyyətlə, qida zəhərlənmələrində ortaya çıxan əlamətləri - hansı qidadan istifadə etmişdi, hansı qidalarda daha tez zəhərlənmə baş verəcəyini başa düşərək qarşısını almağa cəhd edilməlidir".

"Bəzən qida təzə olsa belə, orqanizmdə gedən qeyri-düzgün həzm prosesinə görə qida zəhərlənmələri mümkündür. Bu da mədədə qidanın həzmi gec getdiyi üçün həzm prosesində pozğunluq olur, vaxtında həzmi getməyən qidalar qalıb öz keyfiyyətini itirir və toksiki dəyişikliklər əmələ gəlir. Bu da zəhərlənmələrə gətirib çıxarır.

Qida zəhərlənmələri zəhərlənmələr arasında ən çox zəhərlənmə növü kimi yer tutur. Qida zəhərlənmələrində ilk təcili və tibbi yardım ev şəraitində əgər təsdiq olunsa ki, xəstə zəhərlənib tez ev şəraiti üsulu ilə mədənin yuyulması, ilıq şəkildə çox maye qəbulu ilə mədəni yumaq lazımdır. Lazım gəlsə, ev şəraitində imalə olmalıdır. Təbii ki, həkimə çatdırana qədər bunlar olmalıdır. Toksiki zəhərlənmənin dərəcəsindən asılı olaraq xəstənin hansı dərəcədə özünü pis hiss etməsindən asılı olaraq təcili yardım dəvət etmək şərtdir. Çünki toksiki qida zəhərlənməsinin hansı ağırlıqda olduğu məlum olmadığı halda mütləq xəstəxanaya müraciət edilməlidir. Zəhərlənmədən sonra da ciddi dietaya riayət etmək, maye qəbulunu artırmaq, düzgün dərman preparatlarının seçimi təyin olunmalıdır" - deyə həkim əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə