Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

"Beynəlxalq şahmat festivalında çox maraqlı görüşlər olur".

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında qadın şahmatçılardan ibarət Azərbaycan millisinin məşqçisi Mixail Şereşevski bu gün start götürən “Baku Open-2024” beynəlxalq turniri barədə danışarkən deyib.

O, yarışda bütün diqqətinin qadın komandasına və şəxsi məşqçisi olduğu Aydın Süleymanlıya yönəldiyini bildirib: "Turnirdə müxtəlif ölkələrdən olan şahmatçılar iştirak edirlər. İndidən proqnoz vermək çətindir. Hiss olunur ki, bizi gərgin oyunlar gözləyir. Bu, sentyabrda keçiriləcək Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq”.

75 yaşlı belaruslu mütəxəssis Azərbaycanda istedadlı şahmatçıların çoxluq təşkil etdiyini vurğulayıb: “Vüqar Manafov və Şiroğlan Talıbov kimi şahmatçılarla çalışıram. Bu idman növündə böyük uğurlar qazanmaq istəyirsənsə, həyatını sırf şahmata sərf etməlisən. Mənə görə, şahmatda nəticə qazanmaq üçün bir neçə saat işləmək yetərlidir. Çünki keyfiyyətli çalışdığın zaman bunun bəhrəsini görəcəksən. Ən əsası, yorulmamalısan”.

M. Şereşevski Aydın Süleymanlının çıxışına da toxunub: “Aydın çox istedadlı şahmatçıdır. Onun son illərdə göstərdiyi nəticələr göz önündədir. Hətta reytinqdə də irəliləməyi bacarıb. Hər bir şahmatçının müsbət və mənfi cəhətləri olur. Biz Aydınla bunun üzərində işləyirik”.

Qeyd edək ki, “Baku Open-2024” beynəlxalq şahmat festivalında Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə