Siyasi psixologiya çərçivəsində cəmiyyətin dinamikaları və sürü psixologiyası - KÖŞƏ YAZISI

Psixologiya elminin inkişafı ilə ortaya çıxan və siyasi proseslərin psixoloji səbəb və nəticələri ilə məşğul olan siyasi psixologiyada, fərdi siyasi münasibətlər, eləcə də kütləvi hərəkatlar kimi siyasi əsaslı davranışlar öyrənilərək analiz edilir. Siyasi psixologiya kütlələrin, ölkələrin və böyük maraq qruplarının əlaqələrini və daxili dinamikasını formalaşdıran psixoloji elementləri araşdırır. Eyni zamanda fərdlərin siyasi qəraralma prosesini incələyən bu elm sahəsi insanların sosial davranışlarına da diqqət yetirir. Beləliklə biz bu çərçivədə müşahidə etməklə qalmır təhlil və analiz də aparırıq. Nəticə olaraq siyasi psixologiya, insanın psixoanaliz edildiyi kimi cəmiyyəti də psixopolitik təhlil edə və səbəb-nəticə əlaqəsi qura bilir. Bu çərçivədə cəmiyyət yaşadığı iztirablara, travmalara, əlamətdar hadisələrə, eləcə də tarix boyu topladıqları təcrübəyə və kültürə əsaslanaraq qiymətləndirilir.

Cəmiyyətin daxili dinamikasını analiz edərkən deyə bilərik ki, insanların sosial varlıqlar olması, onların müxtəlif mənsubiyyətlərə və bağlara malik olduqları gerçəyini yaradıb. İnsanlar doğulduqları ilk ictimai təşkilat olan ailədən başlayaraq məktəb, sosial mühit və digər institutlar çərçivəsində ictimailəşirlər. Müasir dövrdə dövlətlər tərəfindən institusionallaşdırılmış olan bu proses dövlətin əhatəsini və gərəkliliyini inşa etməkdədir. Nəticədə insan kollektivin bir parçası, davamçısı olmağı və ictimai həyatda özünə yer tapmağı məqsəd olaraq görür. Eyni zamanda dövlətin təmin etdiyi funksional strukturların imkanlarından yararlana bilməyin nəticələri bir cəmiyyətə mənsub olmaq və bu bağların məsuliyyətini daşımaq olur. Beləliklə insanlar həyatda qalmaq məqsədi ilə üzv olduğu cəmiyyəti artıq vasitə olaraq yox məqsəd olaraq görür.

Keçmişdən bu günə qədər dəfələrlə şahid olduğumuz kimi, fərdlərdən fərqli olaraq, kütlələr müxtəlif siyasi və ictimai hadisələrin müəyyənedicisi olmuşdur. Gün keçdikcə invidualların önəmi daha da azalmış və onların liderə çevrilmək yolundakı maneələri artmışdır. Belə ki, kütlə xarakterlərin toplandığı xaraktersizlik vəziyyəti və kollektiv ruh impulsları ilə hərəkət edərək fərdi öz daxilində əridib udan quruluşdur. Yuxarıdakı tərifə görə kütlə, fərdi mühakimə və müşahidə qabiliyyətinin olmadığı və zəkanın aktiv qərarverici olmadığı emosional, anonim, məsuliyyətsiz, qığılcımlara qarşı həssas olan şüursuz, patoloji və xaotik vəziyyətdədir. Yəni fərd izdihamı izlədikdən sonra qrupun digər üzvlərini təqlid edir və kütlənin kollektiv ruhuna qapılaraq onun içərisində əriyir. Daha sonra insan kütlə arasında tamamilə anonim olur və öz təbiətindən daha aqressiv davranışlar sərgiləyir. Nümunə olaraq futbol matçındakı azarkeşlərdən tutmuş, etiraz aksiyaçılarının davranışını göstərmək olar.

Sosial elmlər bu kimi vəziyyətləri proqnozlaşdırmaq və düzgün təhlil etmək üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə cəmiyyətin problemini dərk etmək üçün onların davranışlarını, motivasiyaları düzgün dəyərləndirmək önəmlidir. Əks halda ictimai rəyin birbaşa yönləndirilməsi mümkün olmadığından kütlədən yayılmış xaos məhsulu ideyalar, bürokratiyada da yayıla bilir. Nəticədə kütlələrin davranışına qarşı düzgün təhlil və adekvat addımlar olmadıqda, avtokratik və totalitar hakimiyyətlərin yaranması gözləniləndir. Bu barədə da əvvəl baş vermiş bir neçə inqilabı nümunə göstərə bilərik. Buna görə də “kütlənin ruhuna” müraciət edə bilmək ölkədaxili kontekstdən tutmuş qlobal hadisələrdə də yararlıdır. Cozef Göbbels kimi siyasətçilər cəmiyyətin dinamikasını anlamış və bu yolla hakimiyyəti ələ keçirib iyeyarxiyalarını möhkəmləndirməklə bağlı taktikalar yaratmışdır.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə