“Xəstəliklərin çoxu həyat tərzi ilə bağlıdır“ - HƏKİM DANIŞDI

“Müasir dövrdə insanların həyat tərzi, qidalanma vərdişləri və ətraf mühit şəraiti ciddi şəkildə dəyişdiyindən sağlamlıq problemləri də fərqli xarakter almışdır. Əgər bir vaxtlar infeksion xəstəliklər daha geniş yayılmışdısa, bu gün əsas təhlükə xroniki, yəni uzunmüddətli gedişə malik xəstəliklərdən qaynaqlanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ölüm hallarının təxminən dörddə üçü məhz xroniki xəstəliklərin payına düşür. Azərbaycanda da bu tendensiya müşahidə olunur və əhalinin böyük bir hissəsi ürək-damar sistemi, şəkərli diabet, tənəffüs, xərçəng və psixoloji sağlamlıq problemləri ilə üzləşir”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

O bildirib ki, ürək-damar sistemi xəstəlikləri hazırda həm dünyada, həm də ölkəmizdə ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır: “Hipertoniya, infarkt və insult kimi xəstəliklər çox vaxt düzgün olmayan qidalanma, duz və yağın həddindən artıq qəbulu, fiziki passivlik, artıq çəki və siqaret çəkmə nəticəsində yaranır. Gündəlik həyat tərzimizdə bu amillərə diqqət etməməyimiz ürəkvə damarların yüklənməsinə, nəticədə ciddi fəsadlara gətirib çıxarır. Bu səbəbdən insanların vaxtaşırı qan təzyiqini, şəkər və xolesterin səviyyəsini yoxlatması, duz qəbulunu azaltması, hərgün azı yarım saat hərəkətdə olması, siqaret və alkoqoldan uzaqdurması vacibdir.

Şəkərli diabet də müasir həyatın "sakit epidemiyası" adlanır. Hər on nəfərdən biri bu xəstəliklə üzləşir və halların çoxu həyat tərzi ilə bağlı olur. Az hərəkətlilik, artıq çəki, fast-food tipliqidalar, qazlı içkilər, stress və yuxusuzluq orqanizmin şəkəri tənzimləməsinə mənfi təsir göstərir. Diabetin qarşısını almaq üçün balanslı qidalanmaq, şəkərli içkilərdən imtina etmək, lifli və təbii qidalar qəbul etmək, müntəzəm hərəkət etmək və normal bədən çəkisini qorumaq lazımdır. Vaxtında analiz vermək və qan şəkərini yoxlatmaq xəstəliyin erkən mərhələdə aşkarlanmasına kömək edir.

Tənəffüs sistemi xəstəlikləri, xüsusilə bronxit, astma və xroniki obstruktiv ağciyər xəstəliyi də geniş yayılmışdır. Bunun əsas səbəbləri siqaret tüstüsü, şəhərlərdəki hava çirkliliyi, toz, kimyəvi maddələr və infeksiyalarla tez-tez təmasdır. Xüsusilə payız-qış mövsümündə bu xəstəliklərin kəskinləşməsi daha çox müşahidə olunur. Təmiz hava, havalandırılmış məkanlar, gigiyenik şərait və siqaretdən imtina bu xəstəliklərin qarşısını almaqda əsas amillərdir.

Xərçəng xəstəlikləri də bu gün ciddi ictimai sağlamlıq problemi olaraq qalır. Onun yaranmasında həm genetik meyillilik, həm də xarici amillər mühüm rol oynayır. Siqaret, alkoqol, zərərli qidalar, günəş şüalarına həddən artıq məruz qalma, hərəkətsizlik və stres orqanizmin müdafiə sistemini zəiflədir. Xərçəngin qarşısını almağın əsas yolu sağlam həyat tərzidir. Meyvə-tərəvəzə əsaslanan qidalanma, müntəzəm tibbi müayinələr, peyvəndlər (xüsusilə HPV və hepatitlərə qarşı) və zərərli vərdişlərdən uzaq durmaq bu baxımdan çox önəmlidir.

Son illər psixoloji sağlamlıq problemləri də artmaqdadır. Depressiya, həyəcan pozğunluğu, yuxusuzluq və stress müasirhəyatın tərkib hissəsinə çevrilib. İş yükü, maddi çətinliklər, sosial təcrid, sosial mediadan asılılıq kimi faktorlar insanın zehni vəziyyətinə mənfi təsir göstərir. Ruhsal sağlamlıq da fiziki sağlamlıq qədər önəmlidir. İnsanlar stressi idarə etməyi öyrənməli, vaxtında istirahət etməli, dostlarla və ailə üzvləri ilə ünsiyyətdə olmalı, zərurət olduqda psixoloq və ya həkimə müraciət etməlidirlər.

İnfeksion xəstəliklər, xüsusilə qrip və respirator viruslar da hələdə aktualdır. Qapalı mühitlərdə gigiyenaya əməl etməmək, peyvənd olunmamaq və zəif immun sistem bu xəstəliklərin yayılmasını asanlaşdırır. Sadə gigiyenik qaydalara riayət etmək– əlləri yumaq, maska taxmaq, immuniteti gücləndirmək və vaxtında tibbi yardıma müraciət etmək bu baxımdan çox təsirlidir.

Ümumiyyətlə, müasir dövrdə xəstəliklərin çoxu həyat tərzi ilə bağlıdır. Ən ciddi risk faktorları siqaret və alkoqol istifadəsi, qeyri-sağlam qidalanma, az fiziki aktivlik, artıq çəki, stress və yuxusuzluqdur. Hava çirkliliyi və ətraf mühitin mənfi təsirləridə bu prosesləri gücləndirir. Bütün bu amillərin qarşısını almaq üçün hər kəs gündəlik həyatında bir neçə sadə, amma davamlı vərdiş formalaşdırmalıdır: düzgün qidalanmaq, hərəkətdə olmaq, kifayət qədər yatmaq, mütəmadi tibbi müayinədən keçmək və psixoloji tarazlığı qorumaq.

Nəticə etibarilə, sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, həm də fiziki, psixoloji və sosial rifah halıdır. Cəmiyyət səviyyəsində sağlam həyat tərzinin təşviqi, maarifləndirici tədbirlərin artırılması, məktəblərdə və iş yerlərində sağlamlıq mədəniyyətinin formalaşdırılması gələcək nəsillərin sağlamlığı üçün ən güclü investisiyadır. Unutmayaq ki, xəstəliyi müalicə etməkdən daha vacibi onun yaranmasına imkan verməməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə