Uşaqların əllərində telefon yox, sanki görünməz bir dünya var. Ekranın işığı onların gözlərini yox, uşaqlıqlarını alır. Bir vaxtlar küçələrdə səsləri əks-səda verən uşaqlar indi səssizcə barmaqları ilə sürüşdürür həyatlarını. Biz isə yanlarında oturub onların uzaqlaşmasını sakitcə izləyirik.
Telefon asılılığı sadəcə bir vərdiş deyil, bu, uşağın reallıqdan qopmasıdır. Oyun meydançasını virtual səviyyələr əvəz edir, dostluqları isə mesajlara sığışır. Uşaq gülməyi yox, “emoji” ilə hiss bildirməyi öyrənir. Ən təhlükəlisi isə odur ki, biz bunu çox vaxt “sakitdir, problem yaratmır” deyə qəbul edirik.
Bəs nə etməliyik? İlk növbədə, uşağa telefonu qadağan etmək yox, alternativ həyat göstərmək lazımdır. Onunla danışmaq, birlikdə vaxt keçirmək, real dünyanı maraqlı etmək vacibdir. Çünki uşaq boşluqdan telefona qaçır ,əgər o boşluğu sevgi, diqqət və maraqla doldurmasaq, ekran bunu edəcək.
Valideyn olaraq özümüz də güzgü rolunu oynayırıq. Əgər biz daim telefondayıqsa, uşağa “istifadə etmə” demək inandırıcı olmur. Uşaq deyiləni yox, gördüyünü təkrarlayır. Ona görə də dəyişiklik əvvəlcə bizdən başlamalıdır , daha çox göz təması, daha az ekran.
Unutmayaq: uşağın uşaqlığı geri qayıtmır. Bu gün ona verdiyimiz diqqət, sabah onun şəxsiyyətinə çevriləcək. Telefonlar qalacaq, texnologiya inkişaf edəcək, amma itirilmiş uşaqlıq geri gəlməyəcək. Bəlkə də indi ən vacib sual budur: biz uşaqlarımızın gələcəyini ekrana həvalə edirik, yoxsa öz əlimizlə qururuq?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB