Son illər piyadaların qəzaya düşməsinin əsas səbəblərindən biri telefon asılılığıdır - KÖŞƏ

Şəhərdə artıq qəribə bir səssizlik yaranıb. Hamı nəyəsə qulaq asır, amma heç nə eşitmir. Metroda, avtobusda, küçədə, hətta yolu keçəndə belə qulaqlarda nauşnik, gözlər telefonda olur. İnsanlar real həyatdan qopub sanki başqa bir dünyanın içində yaşayırlar.

Maşının siqnalı, ətrafdakı təhlükə, kiminsə çağırışı – heç biri eşidilmir. Bəzən görürsən ki, biri yolun ortasında dayanıb telefona baxır, qarşısına maşın gəldiyini belə hiss etmir. Bu artıq sadəcə vərdiş deyil, təhlükəli həyat tərzinə çevrilib.

Ən qorxulusu isə budur ki, insanlar bunun fərqində belə deyillər. Bir neçə saniyəlik diqqətsizlik bəzən bir ömrü dəyişə bilir. Qulağında yüksək səslə musiqi olan bir gənc yolu keçərkən siqnalı eşitmir, ətrafı izləmir və təhlükəni gec anlayır. Son illər piyadaların iştirakı ilə baş verən qəzaların bir hissəsinin səbəbi də məhz diqqətsizlik və telefon asılılığıdır. İnsanlar artıq başını qaldırıb ətrafa baxmağı unudub. Hər kəs ekranın içindədir, amma həyat ekranın arxasında davam edir.

Texnologiya həyatımızı asanlaşdırmalı idi, bizi həyatdan uzaqlaşdırmamalı idi. Təəssüf ki, bu gün küçədə gedən insanların çoxu yanındakı insanı görmür, küçənin səsini eşitmir, şəhərin ritmini hiss etmir.

Ən təhlükəlisi də odur ki, gənclər bunu normal qəbul etməyə başlayıblar. Halbuki bir anlıq məsuliyyətsizlik həm öz həyatlarını, həm də başqalarının həyatını təhlükəyə ata bilər. Bəlkə də artıq bir az dayanıb ətrafa baxmağın, yolu keçərkən telefonu cibə qoymağın və nauşniki çıxarmağın vaxtıdır. Çünki həyat bir bildirişdən, bir videodan və ya bir mahnıdan daha dəyərlidir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə