Bəzən insanın dolabı dolu olur, amma ruhu boş qalır. Şkafın qapıları çətinliklə bağlanır, rəflər saysız-hesabsız geyimlərlə dolub-daşır, amma yenə də insan özünü “geyinməyə heç nəyi yoxdur” kimi hiss edir. Müasir dövrdə alış-veriş artıq sadəcə ehtiyac deyil, bir çox insan üçün duyğuların sığınacağına çevrilib. Xüsusilə də “shopping” asılılığı yaşayan insanlar üçün.
Onlar mağazalara sadəcə paltar almağa getmirlər. Onlar yorğunluqlarını unutmağa, içlərindəki boşluğu doldurmağa, özlərini daha dəyərli hiss etməyə gedirlər. Yeni bir don, yeni bir ayaqqabı, yeni bir çanta… Bir neçə saatlıq xoşbəxtlik verir. Paketləri əldə tutarkən insan özünü daha güclü, daha gözəl, daha xoşbəxt hiss edir. Amma o hiss çox çəkmir. Evə qayıdanda həmin paketlər otağın bir küncünə atılır və insan yenə əvvəlki boşluqla baş-başa qalır.
Ən acısı isə budur ki, bu insanlar çox vaxt “alış-veriş xəstəsi” olduqlarını qəbul etmirlər. “Sadəcə sevirəm”, “özümü sevindirirəm”, “hamı alır” deyərək bunu adi hala çevirməyə çalışırlar. Halbuki məsələ artıq ehtiyacdan çıxıb, psixoloji asılılığa çevrilir. Çünki insan bəzən geyim almır, hisslərini ört-basdır etməyə çalışır.
Sosial şəbəkələr də bu vəziyyəti daha da dərinləşdirir. Hər gün qarşılarına çıxan “trend”lər, influencerlərin paylaşdığı kombinlər, “yenə eyni paltarı geyinmək olmaz” düşüncəsi insanları davamlı istehlaka sürükləyir. İnsan artıq özünü rahat hiss etmək üçün yox, başqalarının diqqətini çəkmək üçün geyinməyə başlayır. Və beləcə, alış-veriş zövqdən çox yarışa çevrilir.
Əslində isə xoşbəxtlik yeni alınan paltarda deyil. Çünki insanın daxilindəki boşluğu heç bir marka doldura bilmir. Dolab böyüyür, amma insanın içindəki narahatlıq azalmaq bilmir. Bir müddət sonra isə alınan geyimlər sadəcə istifadə edilməyən əşyalara çevrilir.
Bəlkə də problem insanların çox geyim alması deyil. Problem, özlərini yaxşı hiss etmək üçün artıq əşyalara ehtiyac duymalarıdır. Çünki ruh yorulanda insan bəzən bunu bir alış-veriş paketinin içində gizlətməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB