Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir? - EKSPERT AÇIQLADI
“Azərbaycanda ali təhsil məsələsində qəbul başa çatdıqdan sonra xüsusi kampaniyalar başlayır. Yəni, bu kampaniyalar daha çox TikTok və digər sosial şəbəkələr üzərindən özünü göstərir. Deyirlər ki, “Siz gəlin, biz sizi attestatla ən yüksək səviyyəli dövlət universitetlərinə qəbul etdirəcəyik” və sair. Həqiqətən də, çox asanlıqla insanları öz torlarına sala bilirlər. Bu da sonda çox ağır nəticələrə gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
əOnun sözlərinə görə, insanlardan pul alırlar, onları universitetlərə yönləndirirlər, istiqamət verirlər:
“Nəticədə həmin şəxs gedib orada ona vəd edilənləri görmür və ya çox ciddi çətinliklərlə üzləşir. Başqa tərəfdən, bəzilərinə yalan vədlər verilir ki, “bir ildən sonra sizi Azərbaycana transfer etdirəcəyik”, yəni Azərbaycandakı universitetlərdən birinə köçürülməyinizə şərait yaradacağıq. Bütün bunların hamısı yalandır.
Düzdür, bu işlə məşğul olan, sağlam fəaliyyət quran insanlar da var. Ancaq hər bir kəs özü getmək istədiyi universiteti, əgər Azərbaycanda deyil, xaricdə oxumaq istəyirsə, bunun üçün mümkün imkanları araşdıra bilər. İndi elektron dünyadır. Universitetin portalına daxil olub əlavə məlumatları əldə edir, uyğun gəlirsə, əlbəttə ki, həmin universitetə gedir və təhsilini orada davam etdirir.
Yoxsa, niyə insanlar başqa işbazların əli ilə belə məsələlərə getməlidirlər ki, nəticədə ziyan çəksinlər? Yaxşı olar ki, hər bir şəxs arzuladığı universitetin elektron sisteminə daxil olsun, oradan araşdırma aparsın və özü üçün uyğun ixtisası seçsin. Universitetin mühiti, professor-müəllim heyəti və digər məlumatlarla tanış olsun və bundan sonra universitetini seçsin.
Mən çox arzulayardım ki, bu istiqamətdə mediada, televiziyalarda geniş təbliğat işi qurulsun. Çünki bu, çox təəssüf doğuran haldır və valideynlər də həmin TikTok qəhrəmanlarının təsirinə çox tez düşürlər. Təcrübədə də görmüşük ki, nəticədə həmin insanların əksəriyyəti zərər çəkir.
Çox qəribədir, hər il eyni məsələlər səslənir, eyni narahatlıq ifadə olunur, ancaq yenə də valideynlər övladları xaricdə təhsil alsın deyə bu tora düşürlər. İmkan daxilində araşdırsınlar, özləri həmin universitetlərlə əlaqə saxlasınlar. Əksər universitetlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri var.
Sözsüz ki, söhbət böyük universitetlərdən gedir. Ancaq sadəcə attestatını aldı, pasportunu aldı, pulunu aldı, göndərdi, getdi orada təhsil almağa – belə olmur. Sonra həmin insanlar çox böyük əziyyətlər çəkirlər. Ona görə də bu işlə məşğul olanlara qarşı diqqətli olmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB