Tunis dünyanın ən böyük zeytun yağı istehsalçılarından biridir

Tunis dünyanın ən böyük zeytun yağı istehsalçılarından biridir

Tunisdə zeytun yağı istehsalı 3 min ilə yaxın tarixə malikdir. 2025 - 2026 mövsümündə ölkənin dünyanın ikinci ən böyük istehsalçısı olacağı gözlənilir. Buna baxmayaraq, supermarketlərdə "Tunis məhsulu" yazılmış yağı tapmaq çətindir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu vəziyyətin səbəbi illərdir davam edən toplu ixrac modelidir. Yerli istehsalçı "OLYFO" - nun məlumatına görə, bu mövsüm Tunisdən ixrac olunan zeytun yağının 86%-i çəlləklərdə xaricə göndərilərək İspaniya, İtaliya və ABŞ-da şüşələnib və yerli yağlarla qarışdırılıb. Nəticədə məhsulun üzərində "Tunisdə istehsal olunub" yazısı əks olmur.

Aİ qaydalarına görə etiketlərdə yalnız "Avropa İttifaqı mənşəli və olmayan zeytun yağlarının qarışığı" kimi ümumi ifadələr yazılır. ABŞ-da da idxal, istehsal və yığım yeri fərqli ola bildiyindən məhsulun əsl mənşəyini ayırd etmək çətindir.

"KAÏA" üzvi ekstra zeytun yağı brendinin təsisçisi Sara Ben Romdane deyir: "Tunisdə deyirlər ki, zeytun ağacları tunislilərdən çoxdur. Hər ailənin zeytun yağı ilə tarixi var. Təəssüf ki, ölkəmiz torpaq və onun meyvələri ilə olan bu dərin şəxsi münasibətdən qopub". O əlavə edir ki, "Yağımız dünyanın ən yaxşısıdır və bu stereotiplər xaricilərin bizə qarşı tətbiq etdiyi ədalətsizliyin nəticəsidir. "KAÏA" kimi brend məhz bunu dəyişmək üçün yaradıldı".

Ben Romdane-nin ailəsinə məxsus beşinci nəsil təsərrüfatda yığılan üzvi "Chemlali" zeytunlarından hazırlanan "KAÏA" yağı əllə yığılır və eyni gün soyuq sıxılır. Məhsulda yaşıl badam, qoz, yetişmiş pomidor notları və yüngül bibər dadı hiss olunur. Turşuluq səviyyəsi 0.2%-dir və Ecocert tərəfindən üzvi sertifikatlıdır.

Mütəxəssislər bildirir ki, son illərdə Tunis yağları Böyük Britaniya bazarına öz adları ilə çıxmağa başlayıb. Lakin beynəlxalq bazarda tanınma üçün hələ çox iş görülməlidir. İqlim dəyişikliyi, quraqlıq və işçi qüvvəsinin çatışmazlığı da sənayeni çətinləşdirir.

Tunis hazırda illik 400-500 min ton istehsalla İspaniyadan sonra ikinci yerdədir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə