Qəzzada uşaqların sadə əyləncəsi olan uçurtma uçurmaq İsrailin hədəfinə çevrilib. Son günlərdə sərhəddə 4 uçurtmanın tapılmasından sonra İsrail rəsmiləri uçurtmaları "silah kimi" qiymətləndirərək ölümcül hücumlarla hədələyib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrailin müdafiə naziri Yisrael Katz və baş nazir Binyamin Netanyahu bazar günü birgə açıqlamada deyib: "Əgər Qəzzadan İsrailə doğru uçurtma, balon və dron buraxılması dərhal dayandırılmazsa, IDF məsul şəxslərə qarşı hədəfli zərbələri gücləndirəcək və buraxılışların həyata keçirildiyi ərazilərdən sakinləri təxliyə edəcək". Katz ordunu "dərhal və güclə" hərəkət etməyə çağırıb və əlavə edib: "Balon uçurtma kimidir, uçurtma da dron kimidir, partlayıcı olsun ya olmasın".
İsrail ordusu Nahal Oz yaxınlığında tapılan uçurtmalarda "şübhəli heç nə" tapmadığını və ictimaiyyət üçün "təhlükə olmadığını" bildirib. Buna baxmayaraq, 2018-2021-ci illərdə Qəzzadan buraxılan yandırıcı uçurtma və balonların İsrailin cənubunda kənd təsərrüfatı sahələrində yanğınlara səbəb olduğunu xatırladaraq təhdidləri əsaslandırırlar.
Qəzzada isə valideynlər qorxu içindədir. 6 yaşlı Amin atasının ona "əgər onları uçursan, israillilər səni bombalayacaq" deyib. 13 yaşlı Məhəmməd Ovays isə "Atam mənə çox ciddi şəkildə uçurtmanı uçurmamağı tapşırdı. Dedi ki, 'əgər uçursan, dərhal bombalanacaqsan'. Mən oynamaq istəyirəm. Ölmək istəmirəm".
Hamas rəsmisi Bassem Naim uçurtmaların "xarabalıqlar arasında məsum uşaqlıqlarını axtaran uşaqlar tərəfindən buraxıldığını" bildirib və İsrailin bunu "təcavüzü davam etdirmək üçün bəhanə" kimi istifadə etdiyini deyib. BMT sözçüsü də İsrail rəsmilərinin "beynəlxalq humanitar hüquqa açıq hörmətsizlik nümayiş etdirdiyini" deyərək tənqid edib.
Qəzzanın yerli komitələri də uşaqları təhlükədən qorumaq üçün uçurtma uçurmamağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB