Hər gün onlarla reklam çarxı izləyirik. Avtomobil satılır, yanında qadın var. Ətir reklam olunur, qadın var. Tikinti materialı təqdim edilir , qadın var. Hətta qadınla heç bir əlaqəsi olmayan məhsul belə onun görüntüsü ilə təqdim olunur. Elə bil, məhsulun keyfiyyəti deyil, qadının görünüşü satışın əsas vasitəsinə çevrilib.
Bir anlıq düşünək: doğrudanmı qadın bu qədər ucuz bir marketinq alətidir?
Qadını reklam obyektinin mərkəzinə çevirmək, onun zahiri görünüşündən məhsul satmaq üçün istifadə etmək əslində cəmiyyətin qadına baxışını da formalaşdırır. Reklam sadəcə məhsul tanıtmır, həm də dəyərlər yaradır. Televiziyada, sosial şəbəkələrdə, küçələrdə gördüyümüz hər görüntü insan şüuruna təsir edir. Əgər qadın davamlı olaraq yalnız göz oxşayan görüntü, diqqət cəlb edən vasitə kimi təqdim olunursa, zamanla onun şəxsiyyəti, biliyi, zəhməti və bacarığı kölgədə qalır.
Ən acısı isə budur ki, qadın bəzən özü də fərqinə varmadan bu yanaşmanın bir hissəsinə çevrilir. Sanki cəmiyyət ona illərlə pıçıldayır: “Sənin fikrin yox, görünüşün daha vacibdir.” Halbuki qadın bir ailənin dayağıdır, alimdir, müəllimdir, həkimdir, mühəndisdir, jurnalistdir, hərbçidir, sahibkardır. Onun dəyəri zahiri görünüşü ilə ölçülə bilməz.
Reklamın məqsədi məhsulun üstünlüyünü göstərməkdir. Əgər bir məhsul yalnız qadının bədənini ön plana çıxarmaqla satılırsa, burada məhsulun deyil, marketinq ideyasının zəif olduğu ortaya çıxır. Güclü məhsul öz keyfiyyəti ilə danışar, qadının simasına sığınmağa ehtiyac duymaz.
Bu gün valideynlər övladları ilə birlikdə reklam izləyirlər. O reklamlar gələcək nəslə nə öyrədir? Qız uşaqlarına “gözəl görün, diqqət çəkin”, oğlan uşaqlarına isə “qadın baxılacaq bir obyektdir” mesajı vermirmi? Bu, təkcə reklamın problemi deyil, gələcəyin cəmiyyətini formalaşdıran ciddi sosial məsələdir.
Əlbəttə, reklamda qadının yer alması problem deyil. Problem onun yalnız cəlbedici görüntü kimi təqdim edilməsidir. Qadını peşəkarlığı, biliyi, uğuru, bacarığı və şəxsiyyəti ilə göstərən reklamlar cəmiyyətə daha sağlam mesaj verir. Çünki qadın ilham mənbəyi ola bilər, lider ola bilər, yenilik yarada bilər. Onu yalnız “satış aləti”nə çevirmək isə bu potensialı kiçiltməkdir.
Qadına hörmət yalnız bayram günlərində deyilən gözəl sözlərlə ölçülmür. Həqiqi hörmət onu insan kimi dəyərləndirməkdən, şəxsiyyətinə qiymət verməkdən başlayır. Reklam dünyası da bu məsuliyyəti daşımalıdır. Çünki milyonlarla insanın izlədiyi hər görüntü sabahın düşüncə tərzini formalaşdırır.
Qadın bir reklam vitrini deyil. O, bir cəmiyyətin vicdanı, ailənin dayağı, inkişafın iştirakçısı və həyatın özüdür. Onu ucuz marketinq üsullarının mərkəzinə çevirmək nə qadına hörmətdir, nə də müasir cəmiyyətə yaraşan yanaşmadır. Qadının dəyəri baxışlarla ölçülməməli, şəxsiyyəti, zəhməti və cəmiyyətə verdiyi töhfələrlə qiymətləndirilməlidir. Çünki qadın satılan məhsulun deyil, qurulan gələcəyin əsas simalarından biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB