"Bakı İqlim Fəaliyyəti Həftəsi BMT-nin rəsmi proqramına daxil edilib" -NİGAR ARPADARAİ
Bakı İqlim Fəaliyyəti Həftəsi BMT-nin rəsmi proqramına daxil edilib.
SİA xəbər verir ki, bunu iqlim üzrə yüksək səviyyəli çempion, Milli Məclisin deputatı Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində "Gənc Jurnalistlərlə İqlim Məslələri üzrə Dialoq"da bildirib.
O qeyd edib ki, hazırda dünyada təhlükəsizlik sistemi və beynəlxalq hüquq sürətlə dəyişir: "Hər gün xəbərləri açanda münaqişələr, iqtisadi böhranlar və müxtəlif gərgin proseslərlə qarşılaşırıq. İllər sonra vəziyyətin necə olacağını dəqiq bilmirik. Bu səbəbdən qazandığımız alətləri bərk saxlamalı, Azərbaycanın mövqeyini hər platformada qorumalıyıq".
N.Arpadarai iqlim dəyişikliyinin artıq ciddi geosiyasi və iqtisadi məsələyə çevrildiyini qeyd edib: "Xüsusilə kiçik ada dövlətləri okean səviyyəsinin qalxması riskinə görə ciddi narahatlıq keçirirlər. Bu, sadəcə ekoloji deyil, bilavasitə dövlətlərin gələcək varlığı ilə bağlı olan mövzudur. Digər tərəfdən, yaşıl keçid prosesində böyük maliyyə və iqtisadi maraqlar mövcuddur. Yaşıl keçid trilyonlarla dollar bahasına baş gəlməməlidir. Bu istiqamətdə artıq özəl sektor böyük yatırımlar edib və proses davam edir".
N.Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin ilkin olaraq kiçik bir təşəbbüs kimi planlaşdırıldığını, lakin sonradan böyük maraq gördüyünü diqqətə çatdırıb: "Biz London təcrübəsinə istinad edərək birinci və ikinci iqlim həftələrini təşkil etdik. Təşəbbüsün uğurlu nəticəsi olaraq artıq BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) bu tədbiri öz rəsmi proqramına daxil etdi və Bakı İqlim Fəaliyyəti Həftəsi BMT-nin rəsmi iqlim həftəsi kimi keçirildi".
O, həmçinin vurğulayıb ki, COP29 zamanı Azərbaycanın irəli sürdüyü 14 tematik təşəbbüsün – kənd təsərrüfatı, energetika, su ehtiyatları, rəqəmsallaşma və şəhərsalma (UTAR) üzrə layihələrin davamlılığını təmin etmək üçün bu kimi platformalar mühüm rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB