Səhər zəng çalır. Bir dəfə, iki dəfə, üç dəfə… Əl uzanır, zəng söndürülür və “cəmi beş dəqiqə də yatım” düşüncəsi yenidən qələbə qazanır. Gün başlayır, amma insan elə bilir ki, heç yatmayıb. Yorğunluq çiyinlərdən asılıb qalır, gözlər açıq olsa da, bədən sanki hələ də yuxudadır. Cəmiyyət isə bu mənzərəyə çox sadə diaqnoz qoyur: “Tənbəldir.” Bəs həqiqətən hər çox yatan insan tənbəldirmi?
İllərdir çox işləməyi uğurun, az yatmağı isə fədakarlığın göstəricisi kimi qəbul etmişik. Səhər tezdən oyananlar çalışqan, günortaya qədər yataqda qalanlar isə məsuliyyətsiz hesab olunub. Halbuki insan orqanizmi stereotiplərlə yox, biologiya ilə işləyir. Bəzən uzun yuxu bədənin verdiyi ən ciddi siqnaldır. Dəmir çatışmazlığı, qalxanabənzər vəzin problemləri, vitamin çatışmazlığı, şəkərli diabet, yuxu apnesi, depressiya, xroniki yorğunluq sindromu və bir çox digər xəstəliklər insanı saatlarla yatmağa məcbur edə bilər. İnsan nə qədər yatırsa yatsın, yenə də özünü yorğun hiss edir.
Müasir dövrdə isə başqa bir problem də var görünməyən yorğunluq. Gün ərzində saatlarla telefona baxmaq, sosial şəbəkələrdə sonsuz məlumat axını, iş stresi, maliyyə qayğıları və gələcək narahatlığı beynimizi fiziki əməkdən daha çox yorur. İnsan bəzən əzələləri ilə yox, düşüncələri ilə tükənir. Belə olanda yuxu qaçış yerinə çevrilir. Digər tərəfdən, doğrudur, bəzi hallarda uzun yatmaq həyat tərzinin nəticəsi də ola bilər. Hərəkətsizlik, plansız gündəlik rejim, motivasiya çatışmazlığı və məsuliyyət hissinin azalması insanı passiv həyata öyrəşdirə bilər. Amma bu vəziyyətlə xəstəliyi bir-birindən ayırmadan hər kəsə “tənbəl” damğası vurmaq nə doğru, nə də ədalətlidir.
Ən təhlükəlisi isə odur ki, insanlar çox vaxt xəstə olduqlarını belə anlamırlar. Aylarla, hətta illərlə “yorğunam”, “yuxum gəlir”, “enerjim yoxdur” deyərək yaşayırlar. Ətrafdakılar isə onları qınayır. Halbuki bəzən bir qan analizi və ya həkim müayinəsi bütün problemin səbəbini ortaya çıxara bilər. Yuxu insanın düşməni deyil. Əksinə, sağlamlığın əsas sütunlarından biridir. Amma normadan artıq yuxu artıq həyat keyfiyyətini aşağı salır, gündəlik fəaliyyəti məhdudlaşdırır və davamlı yorğunluq yaradırsa, bunu sadəcə xarakter xüsusiyyəti kimi qəbul etmək olmaz. Bəlkə də sualı dəyişməyin vaxtıdır. “Niyə bu qədər yatırsan?” demək əvəzinə, “Səni bu qədər yorğun edən nədir?” sualını vermək daha doğru olmazmı?
Çünki bəzən çox yatmaq tənbəllik deyil. Bəzən bu, bədənin səssiz şəkildə etdiyi kömək çağırışıdır. Onu eşitmək isə həm insanın özü, həm də ətrafındakılar üçün vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB