“İlk orta əsrlərdə Mehranilər sülaləsinin hakimiyyəti dövründə Qafqaz Albaniyasında xristianlıq dövlət dini statusunu qoruyub saxlayırdı. Bu dövrdə xristianlığın geniş yayılması ilə yanaşı, dini-memarlıq abidələrinin inşası da davam etdirilirdi”.
Bu barədə SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Taleh Əliyev bildirib.
Onun sözlərinə görə, ilk orta əsrlərdə Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan ərazisinin bir hissəsi Qafqaz Albaniyasının qərb və cənub-qərb vilayətlərindən biri olan Süniklə əlaqələndirilir:
“Qafqaz Albaniyasında xristianlığın yayılması ilə bağlı mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Alban mənbələrinə, xüsusilə Musa Kalankatlının «Alban tarixi» əsərinə əsaslanan yanaşmaya görə, xristianlıq birinci əsrdən etibarən Müqəddəs Yelisey tərəfindən Qafqaz Albaniyasının tarixi ərazilərinə gətirilib və burada yayılmağa başlayıb. Təsadüfi deyil ki, Qafqaz Albaniyasının tarixi torpaqlarında Müqəddəs Yeliseyin adı ilə bağlı kilsə, məbəd və monastırların mövcud olduğu bildirilir.
Birinci-ikinci əsrlərdə daha çox erkən xristianlıq formasında yayılan bu din sonrakı mərhələdə, IV əsrin əvvəllərində Alban çarı Urnayrın dövründə rəsmi dövlət dini statusu qazanıb. Urnayrdan sonrakı hökmdarların dövründə də xristianlığın yayılması davam edib və məbədlərin inşası daha geniş vüsət alıb.
Sonrakı mərhələdə Mehranilər dövründə də xristianlıq ənənəsinin davam etdirildiyi və dini memarlıq nümunələrinin yaradılmasının genişləndiyi qeyd olunur. Yəni Qafqaz Albaniyasında xristianlığın yayılması bir mərhələdə baş verən proses deyil, əsrlər boyu davam edən tarixi inkişaf yolu keçib.
Musa Kalankatlının «Alban tarixi» əsərinə əsaslanan yanaşmaya görə, Qafqaz Albaniyası Şərqdə ilk xristian dövlətlərindən biri kimi təqdim olunur. Bu baxımdan, birinci əsrdən etibarən xristianlığın yayılması, IV əsrdə dövlət dini statusu alması və sonrakı dövrlərdə xristian dini memarlığının inkişaf etməsi Qafqaz Albaniyasının dini-tarixi irsinin əsas istiqamətlərindən biri hesab edilə bilər.
Bu tarixi prosesin izlərini Qafqaz Albaniyasının tarixi ərazilərində bu günə qədər qorunub saxlanılan kilsə, məbəd və monastır nümunələrində görmək mümkündür”.
”Tarixi mənbələrdə Sünik və ya Sisakan kimi qeyd olunan toponimlə bağlı müxtəlif etimoloji yanaşmalar mövcuddur. Tədqiqatlarda bu adın saklarla əlaqələndirildiyi və bölgənin qədim sakinlərinin etnik-tarixi mənzərəsində sakların mühüm rol oynadığı qeyd edilir.
Taleh Əliyevin sözlərinə görə, Göyçə-Zəngəzur bölgəsində ilk orta əsrlərdə alban xristian məbədlərinin inşası həyata keçirilib. IX-XIII əsrlərdə isə bölgədə memarlıq baxımından daha da təkmilləşmiş, müxtəlif tarixi-mədəni elementləri özündə birləşdirən xristian abidələri meydana gəlib.
Amağu məbədi
Bu abidələrdən biri Dərələyəz mahalının Keşişkənd rayonunun Amağu kəndindən təxminən iki kilometr məsafədə, Arpa çayı ilə Amağu çayı arasında yerləşən Amağu məbədidir.
Məbədin əsası 1221-ci ildə Sünik hakimi Libarit Orbelinin göstərişi ilə qoyulub. Daha sonra knyaz Darsaiç 1275-ci ildə burada qardaşı Sumbat üçün sərdabə, Darsaiçin oğlu Burtel isə iki mərtəbəli məbəd inşa etdirib. Məlumatlara əsasən, Amağu məbədi türksoylu Orbelilər nəslinin sərdabəsi kimi də istifadə olunub.
Elxanilər dövründə abidənin bərpası istiqamətində də işlər aparılıb. Arpa xan 1335-1336-cı illərdə məbədi bərpa etdirib, Satıbay xatun isə 1339-1340-cı illərdə ikinci mərtəbəni yenidən inşa etdirib. İkinci mərtəbəyə qadın və kişilərin ayrıca daxil olması üçün fərqli pilləkənlərin əlavə edildiyi bildirilir.
Göy Mələkləri məbədi
Üçkilsə şəhəri yaxınlığında yerləşən Göy Mələkləri məbədi də bölgənin qədim xristian abidələri sırasında göstərilir. Mənbələrdə məbədin V əsrin ikinci yarısında katolikos III Nerses tərəfindən inşa etdirildiyi qeyd olunur.
Alban tarixçisi Musa Kalankatlının məlumatına görə, məbədin tikintisinə 642-ci ildə başlanılıb və tikinti prosesi tam başa çatmasa da, 653-cü ildən etibarən ibadət üçün istifadəyə verilib.
X əsrdə bina uçaraq dağılıb və sonradan bərpa olunmayıb. Arxeoloji tədqiqatlar zamanı məbədin qalıqları üzə çıxarılıb. Araşdırmalar nəticəsində burada saray binası və şərab emalatxanasının da olduğu müəyyənləşdirilib.
Saqakat məbədi
Qərbi Azərbaycan ərazisinin Üçkilsə rayonu yaxınlığında yerləşən Saqakat məbədi də qədim xristian memarlığı nümunələrindən biri kimi təqdim olunur.
Məlumatlara görə, maarifçi Qriqorinin təşəbbüsü ilə tikilən ilkin daş kilsə 483-cü ildə inşa edilib. Sonrakı yüzilliklər ərzində məbəd bir neçə dəfə bərpa olunub və ona yeni tikililər əlavə edilib.
Mütəxəssislər hazırkı məbəd binasının VI-VII əsrlərə aid daha qədim məbədin özülləri üzərində inşa edildiyini ehtimal edirlər. Cənub-qərb divarında aparılan araşdırmalar zamanı əvvəlki məbədin otaqlarından birinin divarının yeni tikilinin inşası zamanı pilləkən üçün dayaq kimi istifadə edildiyi müəyyənləşdirilib.
Məbədin cənub divarında kiçik yarımdairəvi apsisin izləri də aşkarlanıb. Abidənin özülündə IV-V əsrlər bölgə memarlığı üçün xarakterik olan daşlardan istifadə edildiyi bildirilir.
Tatev monastırı
Bölgənin ən tanınmış tarixi-memarlıq komplekslərindən biri isə Tatev monastırıdır. Qərbi Azərbaycan kimi təqdim edilən ərazidə, Tatev kəndi yaxınlığında böyük bazalt qaya üzərində yerləşən monastır IX əsrə aid edilir.
Tatev bölgənin dini və mədəni tarixində mühüm rol oynayıb. Monastır Osçu çayının sahilində yerləşir və uzun əsrlər Sünik kilsəsinin mühüm mərkəzlərindən biri olub.
Tarixi məlumatlara əsasən, Tatev yaylağında xristianlıqdan əvvəl də yaşayış məskəni və bütpərəst məbədi mövcud olub. IV əsrdə bölgədə xristianlığın yayılmasından sonra həmin məbədin yerində kiçik xristian kilsəsinin inşa edildiyi qeyd olunur.
IX əsrdə Tatevin yepiskop qərargahı elan edilməsindən sonra monastır kompleksinin genişləndirilməsi istiqamətində işlərə başlanılıb. Müxtəlif dövrlərdə monastır hücumlara məruz qalıb, dağıntılara uğrayıb və sonradan bərpa edilib.
XI əsrdə Tatev monastırında mindən çox rahibin yaşadığı, ətraf kəndlərdən çoxsaylı insanların isə monastırın fəaliyyətinə xidmət etdiyi bildirilir.
Monastır kompleksi qala divarları ilə əhatə olunub. Burada Müqəddəs Pavel və Pyotr, Müqəddəs Qriqori və Müqəddəs Məryəm kilsələri, kitabxana, yemək zalı, zəng qülləsi, məqbərə və müxtəlif inzibati binalar yerləşir.
Müqəddəs Pavel və Pyotr kilsəsi 895-906-cı illərdə inşa edilib və kompleksin bu günədək qorunub saxlanılan ən qədim tikililərindən biri hesab olunur. Kilsə iki həvarinin şərəfinə inşa edildiyinə görə Həvarilər kilsəsi və ya kafedral kimi də tanınır.
1087-ci ildə kompleksin şimal hissəsində Müqəddəs Məryəm kilsəsinin inşa edildiyi, 1295-ci ildə isə zəlzələ nəticəsində dağılmış Müqəddəs Qriqori Maarifçi kilsəsinin təməlləri üzərində yeni kilsənin tikintisinə başlanıldığı qeyd edilir.
XVIII əsrdə kompleksdə yepiskop iqamətgahı, rahib hücrələri, yeməkxana, mətbəx və çörəkxana kimi əlavə tikililər meydana gəlib. Monastırın ətrafında müdafiə xarakterli qala divarları da inşa edilib.
Kompleksin diqqətçəkən elementlərindən biri də “Qavazan” adlanan sütundur. Mənbələrdə onun X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldıldığı bildirilir. Müxtəlif zəlzələlərə baxmayaraq, sütunun bu günədək qorunub saxlanıldığı qeyd olunur.
Tatev monastırının ərazisində orta əsrlərdə iqtisadi və maarifçilik fəaliyyətinin də həyata keçirildiyini göstərən tikililər mövcuddur. Kompleksdən kənarda yerləşən zeytun istehsalı sahəsi isə orta əsrlərdə bölgədə kənd təsərrüfatı və emal fəaliyyətinin səviyyəsi barədə təsəvvür yaradır.
Taleh Əliyevin sözlərinə görə, həmin abidələrin üzərində sonradan müxtəlif əlavələrin edilməsi, onların erməni memarlığına uyğunlaşdırılması və erməni memarlıq üslubuna çevrilməsi ilə bağlı cəhdlərdən danışmaq olar:
” Eyni zamanda alban memarlığının izlərinin mümkün qədər aradan qaldırılması istiqamətində də müdaxilələrin olduğu bildirilir.
Bu cür dəyişikliklərin izlərini həmin məbədlərdə də görmək mümkündür. Alban memarlığına aid xüsusiyyətlərin və tarixi izlərin qorunması baxımından bu məsələlərin araşdırılması və ictimaiyyətə çatdırılması vacibdir.
Mütəxəssisin fikrincə, bu abidələr yalnız dini tikililər kimi deyil, həm də Azərbaycanın qədim tarixi-mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyətli mənbələr kimi araşdırılmalıdır.
Qeyd olunan məbədlərin memarlıq xüsusiyyətləri, tikinti texnikası, arxeoloji qalıqları və müxtəlif dövrlərdə keçirdiyi bərpa işləri bölgənin orta əsrlər tarixinin öyrənilməsi üçün mühüm materiallar təqdim edir. Bu baxımdan Göyçə-Zəngəzur və ətraf ərazilərdəki xristian memarlığı nümunələrinin elmi əsaslarla tədqiqi onların tarixi-mədəni əhəmiyyətinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB