"Avtobuslarda gediş haqlarının məsafəyə görə hesablanması və sərnişin axınlarının idarə edilməsi ilə bağlı dünya praktikasında müxtəlif yanaşmalar mövcuddur. Gediş haqqının qət edilən məsafəyə uyğun hesablanması daha çox şəhərətrafı nəqliyyatda və alternativ nəqliyyat vasitələrinin mövcud olduğu marşrutlarda tətbiq edilir".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bu sistemdən həmçinin şəhərdaxili və turistik səfərlərdə istifadə oluna bilər:
"Müntəzəm sərnişin daşımalarında isə uzun məsafələrin qət edilməsi üçün dəmir yolu, tramvay, trolleybus və digər ictimai nəqliyyat vasitələrindən istifadə edilir. Bu nəqliyyat növlərində gediş haqqının əvvəlcədən müəyyənləşdirilməsi və vahid tarif sisteminin tətbiqi daha geniş yayılıb.
Nəzəri baxımdan bu prinsipi Bakı şəhərində də tətbiq etmək mümkündür. Lakin bunun üçün müəyyən zaman və hazırlıq tələb olunur. Əks halda sərnişin axınlarının idarə edilməsində ciddi problemlər yarana bilər. Çünki hazırda Bakı şəhərində nəqliyyat sıxlığı kifayət qədər yüksəkdir. Bu baxımdan əsas məqsəd həm sərnişin, həm də avtomobil axınlarının düzgün idarə olunması və şəhərdə nəqliyyat hərəkətinin səmərəliliyinin artırılması olmalıdır.
Nəqliyyat axınlarının idarə edilməsində digər mühüm məsələ ictimai nəqliyyatın düzgün təşkilidir. Bakı şəhərində avtobusların sayının və marşrutların çoxluğu özü-özlüyündə nəqliyyat sisteminin effektiv işləməsi demək deyil. Avtobusların yollarda uzun müddət dayanması və hərəkətin ləngiməsi sərnişinlərin gediş-gəlişinə ciddi təsir göstərir və vətəndaşlar üçün əlavə narahatlıq yaradır.
Bu problemin həlli üçün alternativ nəqliyyat sistemlərinin inkişaf etdirilməsi vacibdir. Burada dəmir yolu nəqliyyatının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda yol infrastrukturu, boru xətləri və digər kommunikasiya sistemlərinin tikintisi və təmiri zamanı nəqliyyat axınlarının mümkün qədər az məhdudlaşdırılması təmin edilməlidir.
Bütün bu məsələlərin kompleks şəkildə həlli Bakı şəhərində sərnişin və nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına, ictimai nəqliyyatın rahatlığının artırılmasına və şəhərdaxili gediş-gəlişin yaxşılaşdırılmasına imkan verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB