“Azərbaycan 23 saatlıq antiterror əməliyyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
"Əvvəl ondan başlayaq ki, regionda öz maraqları olan iri dövlətlərin “xeyir duası” ilə 1988-ci ilin fevralından başlayaraq Azərbaycan torpaqlarında separatizmə fəal şəkildə dəstək verən və bu misli görünməmiş cinayətləri reallaşdıran Ermənistan, ən azı 30 il ərzində bu separatizmin bəslənməsinə qucaq açmışdı. Xüsusilə rəsmi İrəvan açıq və rəsmi şəkildə bu işləri yürüdürdü və ən dəhşətlisi odur ki, “demokratiya” libasına bürünmüş əksər Qərb dövlətləri separatizmin daha vəhşi şəkildə həyata keçməsi üçün Ermənistana öz dəstəklərini əsirgəmirdilər. Lakin Azərbaycan oğullarının böyük qəhrəmanlığı hesabına tarixi ədalət zəfər çaldı və 1988-ci ildən başlayan separatizmə 2023-cü ildə birdəfəlik son qoyuldu".
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, 44 günlük tarixi zəfərlə nəticələnən müharibə ilə Azərbaycan Qafqaz ərazisində separatizm presedentinə son qoymuş oldu. “Bu tarixi hadisə ilə Azərbaycan Ordusu öz tarixi qələbəsini dünya hərb tarixinə qızıl hərflərlə yazıb. Lakin işin başqa tərəfi ondan ibarət idi ki, Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdən çıxmalı olan qanunsuz erməni silahlılarının mövcudiyyəti hələ də davam edirdi. Bu da Azərbaycan daxilində nəinki separatizmin, qanunsuz qoşun növlərinin formalaşmasına şərait yaradırdı. Xüsusilə nəzərə almaq lazımdır ki, həmin zaman atəşkəs intensiv şəkildə pozulur, erməni separatçı hərbi qüvvələri yaxında olan yaşayış məntəqələrinə və dinc əhaliyə təhlükə törədirdilər.
Əlbəttə bu, çox davam edə bilməzdi. Azərbaycan Ordusuna inanan Ali Baş Komandan antiterror tədbirləri keçirməklə bağlı qərar qəbul etdi. Azərbaycan Ordusu yenə qısa zamanda - cəmi bir sutkada üçtərəfli Bəyanatda nəzərdə tutulmuş 4-cü bəndi özü icra etdi. Qanunsuz erməni hərbi birləşmələrini tərksilah edərək ölkəmizdə separatizm yuvasını darmadağın etdi. Beləliklə, Azərbaycan torpaqlarında suverenlik tam şəkildə bərpa olundu. Bu, həm də Azərbaycanın separatizm yuvalarını məhv edib tarixin zibilliyinə atması kimi də tarixin yaddaşına yazıldı".
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB