"Şagirdlərin geyimi ilə bağlı müzakirələr yeni tələblərin müəyyənləşdirilməsi ilə nəticələnib" - TƏHSİL EKSPERTİ
"Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli qərarına edilən əlavə və dəyişikliklərin qəbuluna qədər müəyyən müddət keçib. Bu müddət ərzində sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində şagirdlərin geyim formaları ilə bağlı zaman-zaman müxtəlif mübahisəli məsələlər gündəmə gəlib".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, məsələ əvvəlcə məktəblərdə, pedaqoji şuralarda və yerlərdə müzakirə olunub, daha sonra aidiyyəti icra və yuxarı instansiyalara təqdim edilib. Nəticədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində də müzakirəyə çıxarılıb:
"Aparılan müzakirələr, təqdim olunan təklif və tövsiyələr əsasında Nazirlər Kabineti tərəfindən müvafiq dəyişikliklər qəbul edilib və yeni tələblər artıq qüvvəyə minib.
Əvvəllər ümumi təhsil məktəblərində vahid geyim forması ilə bağlı qərarlar mövcud olsa da, müəyyən hallarda bu tələblərdən kənaraçıxmalar müşahidə edilirdi. Yeni dəyişikliklərlə isə məktəb mühitində geyimlə bağlı tələblərin daha aydın şəkildə müəyyənləşdirilməsi və təhsilin dünyəviliyi prinsipinin qorunması əsas götürülüb.
Bu məsələ ilə bağlı valideynlər tərəfindən də müxtəlif narazılıqlar səsləndirilirdi. Bəzi hallarda şagirdlərin məktəb mühitinə uyğun olmayan geyimdə, digər hallarda isə dini xarakter daşıyan geyimlərlə məktəbə gəlməsi ilə bağlı müraciətlər olurdu. Belə halların digər şagirdlər üçün də müəyyən narahatlıq yaratdığı bildirilirdi.
Bu baxımdan, ümumi təhsil müəssisələrində vahid və dünyəvi təhsil mühitinin qorunması, həmçinin şagirdlərin geyim qaydalarına riayət etməsi məqsədilə yeni tələblərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb.
Qəbul edilən dəyişikliklərdən irəli gələn tələblərin ümumi təhsil məktəblərində şagirdlərə və valideynlərə çatdırılması nəzərdə tutulub. Bununla bağlı məktəblərdə müvafiq məlumatların sosial şəbəkələr və məktəbin əyani məlumat lövhələri vasitəsilə yayımlanması üçün beş gün müddət müəyyən edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB