“Bakı İqlim Həftəsi qlobal iqlim əməkdaşlığının gücləndirilməsi üçün mühüm platformadır” -MİLLƏT VƏKİLİ
“İqlim dəyişikliyi ilə mübarizədə dünyanın qarşısında duran əsas məsələ qəbul olunmuş qərarların real nəticələrə çevrilməsidir”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, son illərdə keçirilən beynəlxalq iqlim konfranslarında mühüm qərarlar qəbul edilsə də, onların praktiki icrası, maliyyələşdirilməsi, ölçülməsi və hesabatlılığı məsələsi hələ də qlobal gündəmin ən ciddi problemlərindən biri olaraq qalır:
” Bakı İqlim Həftəsinin əsas əhəmiyyəti də məhz bu mərhələyə keçidlə bağlıdır. 7–11 sentyabr 2026-cı ildə Bakıda keçirilən UNFCCC Climate Week 4 çərçivəsində yaradılan İcra Forumunun əsas məqsədi iqlim vədlərini yerli və real iqtisadi fəaliyyətdə konkret addımlara çevirməkdir. Forum hökumətləri, biznesi, maliyyə institutlarını, şəhərləri, vətəndaş cəmiyyətini və digər tərəfləri eyni platformada bir araya gətirərək praktik həllərin genişləndirilməsinə yönəlib.
Beynəlxalq sənədlərdə ümumi məqsədlərin müəyyənləşdirilməsi vacibdir. Burada hər bir öhdəlik üzrə konkret icra mexanizmi yaradılmalıdır. Yəni iqlim öhdəliyi siyasi bəyanat səviyyəsində qalmamalıdır.
Bakı İqlim Həftəsinin proqramında şəffaflıq da xüsusi yer tutur. Bütün tərəfdaşlar Bakıda Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin icrasını və ölkələrin ikiillik şəffaflıq hesabatlarının hazırlanmasını dəstəkləyirlər.
Qəbul edilən təşəbbüslərin effektivliyini təmin etmək üçün beynəlxalq səviyyədə vahid monitorinq mexanizmlərinin gücləndirilməsi də vacibdir.
Digər mühüm məsələ təbii ki, maliyyədir. Məlum olduğu kimi, COP29-un ən mühüm nəticəsi Bakıda Yeni Kollektiv Kəmiyyətləşdirilmiş İqlim Maliyyəsi Məqsədinin qəbul edilməsi oldu. İnkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin 2035-ci ilədək ildə 300 milyard dollara çatdırılması barədə razılaşma əldə edildi. Bundan əlavə, bütün maliyyə mənbələri hesabına inkişaf etməkdə olan ölkələrə yönələn iqlim maliyyəsinin ildə 1,3 trilyon dollara qədər artırılması istiqamətində səylərin gücləndirilməsi razılaşdırıldı. Yəni, COP29-un ən böyük mirası 2024-cü ildə qəbul edilmiş qərarların icrasının davam etdirilməsidir.
İnkişaf etməkdə olan ölkələr üçün yaşıl transformasiya, enerji keçidi, iqlimə uyğunlaşma və dayanıqlı kənd təsərrüfatı böyük maliyyə resursları tələb edir. Buna görə iqlim maliyyəsinin real layihələrə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir.
Təcrübə göstərir ki, iqlim siyasətinin yalnız dövlətlərin üzərinə qoyulması mümkün deyil. Burada özəl sektor da prosesə qoşulmalıdır. Bakı İqlim Həftəsində biznes və özəl sektor nümayəndələrinin, investorların və siyasətçilərin bir araya gətirilməsi də məhz bu məqsədə xidmət edir.
Bir sözlə, beynəlxalq öhdəliklərin icrası konkret həyata keçirilən layihələrə çevrilməlidir. Bu prosesdə parlamentlər, elmi-tədqiqat institutları, vətəndaş cəmiyyəti, media və ictimaiyyət də iştirak etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB