“AIDA-nın fəaliyyəti üzrə vahid statistik hesabat hazırlanmalıdır” -FARİZ İSMAYILZADƏ

“AIDA-nın fəaliyyəti üzrə vahid statistik hesabat hazırlanmalıdır” -FARİZ İSMAYILZADƏ

AIDA-nın fəaliyyəti üzrə vahid statistik hesabatın hazırlanması Azərbaycanın beynəlxalq inkişaf sahəsində həyata keçirdiyi işlərin daha dolğun şəkildə təqdim olunmasına imkan verə bilər.

SİA xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə “Dayanıqlı inkişaf və səmərəli humanitar yardım üçün tərəfdaşlıqlar” panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, müxtəlif ölkələrə səfərlər zamanı AIDA-nın həyata keçirdiyi layihələrin nəticələrini görmək mümkündür.

“Bu yaxınlarda Efiopiyada oldum və orada “ASAN” komandasının gördüyü çox yaxşı işlərin şahidi oldum. COVID-19 pandemiyası zamanı Azərbaycandan vaksin yardımı alan müxtəlif ölkələrdə də olmuşam. AIDA-nın maliyyələşdirdiyi layihə və proqramları başa vurmuş tələbələri gördükdə bütün bunlar məni qürurlandırır”, - deyə deputat qeyd edib.

F.İsmayılzadənin sözlərinə görə, bu proqram və layihələr Azərbaycanın beynəlxalq imicinin formalaşdırılması və xarici siyasət prioritetlərinin təbliği ilə yanaşı, müxtəlif cəmiyyətlər, qeyri-hökumət təşkilatları və digər qeyri-dövlət aktorları arasında insanlararası əlaqələrin inkişafına da töhfə verir.

Deputat AIDA-nın fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirib. O qeyd edib ki, statistik göstəricilər təqdim edilərkən yalnız ayrı-ayrı qurumların fəaliyyəti deyil, Azərbaycanın bütövlükdə beynəlxalq inkişaf sahəsində gördüyü işlər nəzərə alınmalıdır.

“Azərbaycan daha böyük və daha genişmiqyaslı işlər həyata keçirir. Məsələn, ayrı-ayrı universitetlər fərdi təqaüdlər təqdim edir. Çalışdığım ADA Universitetində də yüzlərlə tələbə müxtəlif proqramlarda təhsil alıb və məzun olub. Onların bir qisminin təhsilini nazirliklər, digər qismini isə Azərbaycan şirkətləri maliyyələşdirib”, - deyə F.İsmayılzadə bildirib.

O, müxtəlif nazirlik və qurumlar tərəfindən həyata keçirilən proqramları əhatə edən vahid statistik hesabatın hazırlanmasını təklif edib.

Deputat, həmçinin gələcəkdə Türkiyə ilə yanaşı, Mərkəzi Asiya və Şərqi Avropanın Azərbaycan üçün prioritet olan ölkələri ilə daha çox birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“Bu gün TİKA-nın təcrübəsindən çox şey öyrəndim. Bəlkə də gələcəkdə yalnız Türkiyə ilə deyil, Mərkəzi Asiya ölkələri, eləcə də Şərqi Avropada bizim üçün prioritet təşkil edən ölkələrlə daha çox birgə layihələr həyata keçirməyə çalışmalıyıq”, - deyə deputat əlavə edib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə