Yaxud, Ruben Vardanyanı namizəd göstərənlərin ünvanına bir neçə söz
Ermənistanda parlament seçkilərini ən kritik dönəmi başlayıb. 29 partiya və fraksiyalar tərəfindən seçicilər üzərində yeni və amansız eksperimentlər aparılır. Dünyada mövcud olmayan, həlli mümmkünsüz olan min bir vədlər verilir, Ayı yerə endirəcəyəm, Günəşi buxovlayıb sandığa salacağam və s., və ilaxır, bir sözlə sərsəmləmələr. Amma iki mövzu ətrafında mübarizə diqqəti daha çox cəlb edir: Qarabağ və Bakıda həbsxana həyatı yaşayan separatçılar. Hər partiya və blok seçicilərinə bu məsələlərin həlli vədini verir. Sual olunur, necə?
Rusiyanın emissarı Samvel Karapetyan deyib ki, “mənim komandam Bakıdan erməni əsirlərin qaytarılması məsələsini həll etməyə qadirdir". "Güclü Ermənistan" partiyasının lideri “vətəndaşlarının maraqlarını qorumadığına görə” mövcud hökuməti sərt tənqid edərək, xüsusi komissiya yaradacağını və bütün beynəlxalq əlaqələrdən istifadə edərək həmvətənlərinin tezliklə azad edilməsini təmin edəcəyinə söz verib. Rusiyanın “adamı” 17 mayda Lori bölgəsinin sakinləri ilə görüşündə bildirib ki, yalnız onun komandası saxlanılanların qaytarılması məsələsini effektiv şəkildə həll etməyə qadirdir. O, əmindir ki, dövlətin bütün əvvəlki hərbi və siyasi nailiyyətləri mövcud rəhbərliyin səriştəsizliyi üzündən ləğv edilib. Böhranı həll etmək üçün partiya lideri həm Bakı ilə birbaşa dialoq, həm də beynəlxalq təşkilatlarla məhbus məsələsinə xüsusi diqqət yetirən ayrıca bir işçi qrupu yaratmaq niyyətindədir.
Erməni lobbisinin tapşırığı ilə bir qrup şəxs, əslində onları çevrələrindən başqa kimsə tanımır, bir araya gələrək terrorçu, separatçıları silah və maliyyə ilə təmin edən Ruben Vardanyanı 2026-cı il “Vatslav Havel İnsan Hüquqları Mükafatı”na namizəd kimi göstərmək kampaniyasına başlayıblar. Həmin bəyanatın mətni ilə yanaşı dünyada dəyərlərin nə qədər məhv edildiyini, ikili standartların vüsət aldığına da diqqət edin. Bir milyarder Rusiyadan Qarabağa gəlir, qanunsuz silahlı birləşmələrə yardımlar edir, onları silahlandırır və həmin silahlarla yüzlərlə, minlərlə azərbaycanlı öldürülür. Əvəzində Azərbaycan məhkəmələri ədaləti bərpa edir, onu və Azərbaycanın Qarabağ bölgəsini 30 ildən artıq işğalda saxlayan separatçı-terrorçu ünsürləri konkret cinayət əməllərinə görə həbs edir və aid olduqları yerə göndərir.
Bəyanatda isə deyilir ki, “Biz, dünyanın hər yerindən olan aşağıda imza atan insan hüquqları müdafiəçiləri, erməni humanitar xadimi Ruben Vardanyanı 2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərdiyimizi elan edirik. Rubenin Aurora Humanitar Təşəbbüsü vasitəsilə dünyada insan hüquqlarının qorunmasına verdiyi əhəmiyyətli töhfəni, eləcə də Dağlıq Qarabağdakı (Artsax) həmvətənlərinin hüquqlarının müdafiəsinə verdiyi sadiqliyini qəbul edirik. Qətiyyətlə inanırıq ki, Ruben Vardanyan bu mükafata layiqdir”. Buna nə ad verəsən?
Adı çəkilən, yəni bəyanatı imzalayanları diqqətlə araşdırırsan, hamısı öz sahələrində 3 qəpiyə dəyməyən sıradan birləridir. Amma təqdimatlarında elə cümlələr yazıblar ki, sanki dünya bunlarsız heç nədir. Amma bilmək istəmirlər ki, haqqında ağızdolusu danışdıqları Ruben Vardanyan Avropa İssifaqının və ABŞ-ın sanksiyalarından yayınmaq üçün Rusiya vətəndaşlığından imtina edərək Ermənistana qaçdı. Bu qaçış da təsadüfi deyildi, planlaşdırılmışdı. Həm də Putin tərəfindən. Nikol Paşinyanın Kremlə başağrısı olacağı qənaətinə gələn Putin ən yaxın dostu, qara kassası, imkanları və əlaqələri ilə ona əlavə milyardlar qazandıran Vardanyanı Ermənistana bir emissar, potensial dövlət başçısı, bir sözlə, Paşinyana rəqib olaraq göndərdi. Amma Ermənistanda hakimiyyətə gəlməyin yeganə düsturunu xatırlayın Rubeni Qarabağa göndərdi ki, əvvəlcə orada hakimiyyəti ələ keçirsin, sonra isə oradan İrəvana yürüş etsin.
Əvvəlcə işlər rəvan getdi, qısa müddət ərzində Ruben Vardanyan “hakimiyyət pilləsi”ndə maneəsiz addımladı. Pullarını sağa-sola səpələməyi unutmadı ki, hər kəsi onun nə qədər səxavətli olduğuna inandıra bilsin. Ermənilər pul axınının azaldığını hiss edən kimi ondan üz çevirdilər, arzular bir andaca suya düşdü. Sonra isə olanlar oldu.
Yəqin ki, Ruben Vardanyanın namizədliyini irəli sürən “elm adamları” bu faktları ya bilmir, ya da bilərəkdən dərinə getmirlər. Çünki, “dana baltanın sapını çoxdan bulayıb”. Vəssalam...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB