Kiyev bölgəsində yeniyetmələr yol qəzası törədib, məzun ölüb

Pereyaslav şəhərində yetkinlik yaşına çatmayanların idarə etdiyi iki avtomobil toqquşub.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, oğlanlardan biri ölüb.

İlkin məlumatlara görə, dünən saat 14:30 radələrində Boqdan Xmelnitski və Borisivsk Pole küçələrinin kəsişməsində iki avtomobil - BMW X7 və Skoda Superb toqquşub.

"Qəza nəticəsində "Skoda"nı idarə edən 17 yaşlı məktəb məzunu oğlan ağır xəsarətlər alaraq reanimasiyada ölüb", - deyə məlumatda bildirilir.

BMW-ni sürücülük vəsiqəsi olmayan 15 yaşlı yeniyetmə idarə edirdi.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəməyəqədər istintaq başlanılıb (Ukrayna Cinayət Məcəlləsinin 286-cı maddəsinin 2-ci hissəsi).

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsinə icazə verilməsi ilə bağlı halları da araşdırırlar.

Bu həftənin əvvəlində ukraynalı TikTok bloqçusu Vikunciy Kiyev-Odessa magistral yolunda baş verən avtomobil qəzasında həlak olub . Onun köməkçisi onunla birlikdə Porsche Cayenne-də olub. O da ölüb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə