Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 42,37 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,4 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 28,654 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,4 dəfə çoxdur.

I rübdə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,06 %-ni, ixrac isə ümumi ixracın 0,53 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 %, idxal isə 29,3 % azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə