Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının genişmiqyaslı skrininq müayinələri aparılıb

14–16 aprel 2026-cı il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin 2026–2030-cu illər üçün İnkişaf Strategiyasına uyğun olaraq, Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, peşə fəaliyyətindən irəli gələn risklərin müəyyən olunması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə genişmiqyaslı tibbi skrininq müayinələri aparılıb.
Tibbi aksiyada Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Kardiologiya şöbəsinin həkimləri Emin Hacıbalayev, Nərgiz Ələkbərova, Emin Allahverdiyev, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova və tibb bacıları iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev bildirib ki, müayinələr çərçivəsində ürək-damar xəstəliklərinin profilaktikasına yönəlmiş məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, anket sorğuları vasitəsilə zərərli vərdişlər, irsi meyillilik, yanaşı xəstəliklər və digər risk amilləri ilkin qiymətləndirilib, əməkdaşlar həkimlər tərəfindən EKQ müayinəsindən keçirilib, lipid profili analiz olunub və kardioloq müayinəsi aparılıb.
Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, keçirilən skrininq müayinələri nəticəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyəti kompleks şəkildə qiymətləndirilib, ürək-damar xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına imkan verən əsas risk faktorları müəyyənləşdirilərək hər bir əməkdaş üçün fərdi tibbi tövsiyələr hazırlanıb.
Lipid profilinin analizi ümumi xolesterin, aşağı sıxlıqlı lipoprotein (LDL), yüksək sıxlıqlı lipoprotein (HDL) və triqliseridlər kimi əsas göstəriciləri əhatə etməklə ürək-damar xəstəlikləri riskinin erkən mərhələdə müəyyən olunmasına və vaxtında profilaktik tədbirlərin görülməsinə imkan yaradıb. Aparılmış müayinələr nəticəsində daha ətraflı müayinəyə və zərurət yarandıqda müalicəyə ehtiyacı olan əməkdaşlar Mərkəzi Gömrük Hospitalına dəvət olunacaqlar. Qısa müddət ərzində bu cür tibbi müayinələrin bütün gömrük əməkdaşlarını əhatə etməsi nəzərdə tutulur.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, həyata keçirilən tədbirlər çərçivəsində gömrük əməkdaşlarının peşə fəaliyyətindən irəli gələn və sağlamlıqlarında yaranan xarakterik problemlərin müəyyən edilməsi, onların aradan qaldırılması yollarının işlənib hazırlanması, eləcə də profilaktik yanaşmaları və sağlamlığın qorunması üsullarını əhatə edən vahid, elmi əsaslara söykənən metodologiyanın formalaşdırılması nəzərdə tutulur.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müasir tibbi avadanlıqlarla təchiz olunmuş səyyar mobil hospitalı vasitəsilə bu cür tibbi müayinələrin regionlarda davamlı şəkildə təşkili təmin edilir. Bu tibbi aksiyalar uzaq ərazilərdə çalışan gömrük əməkdaşlarının mütəmadi tibbi nəzarətdə saxlanılmasına, xəstəliklərin erkən aşkarlanmasına və profilaktik tədbirlərin effektiv həyata keçirilməsinə mühüm töhfə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə