“Ağıllı kənd və şəhər layihələri dayanıqlı inkişafı təmin edir” - DEPUTAT DANIŞDI
““Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Həyata keçirilən tədbirlər ilk növbədə həmin ərazilərdə təhlükəsiz mühitin yaradılmasına və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün zəruri şəraitin təmin olunmasına yönəlib.” Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, işğal dövründə geniş sahələrin minalanması bu prosesin qarşısında duran əsas problemlərdən biridir. Mina təhlükəsi yalnız infrastruktur layihələrinin icrasını çətinləşdirmir, eyni zamanda insan həyatına birbaşa risk yaradır. Bu səbəbdən azad olunmuş ərazilərdə minatəmizləmə işləri prioritet istiqamət kimi həyata keçirilir. Müasir texnologiyalar, xüsusi avadanlıqlar və peşəkar mütəxəssislər cəlb olunaraq ərazilər mərhələli şəkildə yoxlanılır, partlayıcı qurğular və hərbi sursatlar zərərsizləşdirilir.
Eyni zamanda, Ermənistan tərəfindən hələ də dəqiq mina xəritələrinin təqdim olunmaması prosesi daha da çətinləşdirir və əlavə vaxt tələb edir. Bu amil minatəmizləmə əməliyyatlarının risk səviyyəsini artıran əsas səbəblərdən biri kimi qiymətləndirilir.
Təəssüflə qeyd olunur ki, 2020-ci il Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı zərər görüb. Ümumilikdə isə münaqişə dövründən bəri mina qurbanlarının sayı minlərlə insanı əhatə edir. Bu fakt mina probleminin nə qədər ciddi humanitar təhlükə yaratdığını bir daha göstərir.
Minatəmizləmə fəaliyyəti yüksək risk və böyük məsuliyyət tələb edən sahədir. Bu sahədə çalışanların fədakarlığı dövlət tərəfindən yüksək qiymətləndirilir və mina qurbanlarının ailələrinə sosial dəstək məqsədilə Prezident təqaüdlərinin təyin edilməsi insan amilinə verilən önəmin göstəricisidir.
Minatəmizləmə işləri ilə yanaşı, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti və bərpa layihələri də həyata keçirilir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yol, körpü, elektrik və su təchizatı infrastrukturunun bərpası aparılır. Müasir yanaşmalar əsasında “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları tətbiq olunur ki, bu da regionun dayanıqlı inkişafına xidmət edir.
Eyni zamanda, məktəblər, xəstəxanalar və mədəniyyət obyektləri inşa edilir, əhalinin təhlükəsiz və normal yaşayışa qayıdışı üçün kompleks şərait yaradılır. Ümumilikdə, azad olunmuş ərazilərdə aparılan bərpa və minatəmizləmə işləri insanların təhlükəsiz, ləyaqətli və davamlı həyatının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB