“1 yaşa qədər uşaqların qidalanması pediatrik baxımdan xüsusi nəzarət tələb edən dövrdür. Bu yaş mərhələsində körpənin böyrəkləri, qaraciyəri və həzm sistemi tam formalaşmadığı üçün qəbul edilən mayelərin tərkibi və keyfiyyəti birbaşa sağlamlığa təsir göstərir. Klinik təcrübədə ən çox rast gəlinən problemlər məhz uyğun olmayan içkilərin erkən dövrdə verilməsi ilə əlaqəli olur”.
Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Səbinə Məmmədova deyib.

O bildirib ki, pediatrların əsas tövsiyəsinə görə, 1 yaşa qədər əsas qida və maye mənbəyi ana südü və ya uyğunlaşdırılmış süni qidalardır:
”Bu dövrdə inək südü verilməsi məsləhət görülmür. Onun yüksək zülal və mineral tərkibi körpənin böyrəklərində filtrasiya yükünü artırır, bağırsaqda mikroskopik qanaxmalara və nəticədə dəmir defisitli anemiyaya səbəb ola bilər. Eyni zamanda allergik reaksiyalar riski də yüksəkdir.
Gündəlik praktikada valideynlərin tez-tez müraciət etdiyi məsələlərdən biri meyvə şirələri ilə bağlıdır. Pediatrik yanaşmaya görə, 1 yaşa qədər istər hazır, istərsə də evdə sıxılmış meyvə şirələri uyğun hesab edilmir. Bu içkilər yüksək fruktoza yükü ilə bağırsaqda fermentasiya prosesini artırır, köp, ishal və iştahasızlıq yarada bilər. Bundan əlavə, erkən yaşda şirin dadın formalaşması gələcək qidalanma davranışına mənfi təsir edir.
Qazlı içkilər və digər şəkərli mayelər pediatrik baxımdan tamamilə qadağandır. Bu içkilər mədə-bağırsaq selikli qişasını qıcıqlandırır, metabolik balansı pozur və erkən yaşda piylənmə riskini artırır. Şəkərli kompotlar belə bu yaş üçün uyğun hesab olunmur.
Sinir sistemi və hematoloji inkişaf baxımından qara çay və qəhvə kimi kofein tərkibli içkilər təhlükəlidir. Kofein körpədə həyəcanlılıq, yuxu pozğunluğu yarada bilər, eyni zamanda dəmirin sorulmasını azaldaraq anemiya riskini artırır. Bitki mənşəli çaylar da təhlükəsiz hesab edilmir və yalnız konkret tibbi göstəriş olduqda həkim nəzarəti ilə istifadə olunmalıdır.
Pediatrik praktika baxımından mühüm məqamlardan biri də bal istifadəsidir. 1 yaşa qədər uşaqlarda bağırsaq mikroflorası yetkin olmadığından botulizm sporlarına qarşı həssaslıq yüksəkdir. Bu səbəbdən balın tərkibində ola biləcək sporlar ciddi nevroloji ağırlaşmalara gətirib çıxara bilər.
Duzlu bulyonlar və şorba suları ayrıca içki kimi verildikdə körpənin böyrəklərində osmotik yük yaradır və su-duz balansını poza bilər.
Pediatrik yanaşmaya əsasən, bu yaş dövründə uşaqlara verilə bilən ən uyğun mayelər ana südü və ya uyğunlaşdırılmış süni qidalardır. 6 aydan sonra əlavə qidaya başlanıldıqda az miqdarda təmiz içməli su verilə bilər. Su qaynadılıb soyudulmuş və ya xüsusi uşaq suları şəklində olmalıdır. Su yalnız susuzluğu aradan qaldırmaq məqsədi daşıyır və əsas qidalanmanı əvəz etməməlidir.
Nadir hallarda və yalnız pediatr məsləhəti ilə bəzi hallarda (məsələn, qəbizlik və ya xüsusi klinik vəziyyətlərdə) zəif konsentrasiyalı kompot suyu və ya müəyyən bitki mənşəli mayelər istifadə oluna bilər, lakin bu, mütəmadi içki kimi deyil, müalicəvi yanaşma kimi tətbiq edilir.
Bu dövrdə düzgün maye seçimi uşağın həm fiziki inkişafı, həm də həzm və immun sisteminin sağlam formalaşması üçün əsas şərtlərdən biridir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB