Film səhnələrini xatırladan bank soyğunu

İtaliyanın Neapol şəhərində gündüz vaxtı baş verən, film səhnələrini xatırladan soyğun zamanı silahlı bir qrup Crédit Agricole bankını qarət etdikdən sonra 25 nəfəri girov götürüb yeraltı tunellər vasitəsilə qaçmağı bacarıb.SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla günorta saatlarında başlayıb. Polis qısa müddətdə bank şöbəsini mühasirəyə alıb.

Təxminən iki saat davam edən danışıqlardan sonra girovlar azad edilib, lakin soyğunçuların izinə düşmək mümkün olmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yanğınsöndürmə briqadalarının ram aləti ilə bankın şüşələrini sındırdığı və içəridəki insanları təxliyə etdiyi görünür.

Xilas edilən bəzi şəxslərin şüşə qırıntılarını üzlərindən təmizləyərək uzaqlaşdığı, bəzilərinin isə yaxınlarına sarılaraq ağladığı bildirilir. Şok keçirən altı nəfərə tibbi yardım göstərilib.

Bir şahidin yerli mediaya verdiyi məlumata görə, soyğunçular insanları bir otağa kilidləyib, silahlı olmalarına baxmayaraq fiziki zorakılıq tətbiq etməyiblər.

BBC-nin məlumatına görə, bölgə rəsmisi Michele di Bari operativ müdaxilə sayəsində bütün girovların ciddi xəsarət almadan xilas edildiyini təsdiqləyib.

Hadisənin böyüməsi ilə İtaliya jandarmeriyasının xüsusi bölmələri də bölgəyə göndərilib.

Minlərlə insanın canlı izlədiyi əməliyyat zamanı xüsusi qüvvələr səs bombaları və atəş səsləri ilə bankaya daxil olub.

Lakin içəri girildikdə soyğunçuların artıq qaçdığı məlum olub. Məlumata görə, onlar əvvəlcədən hazırlanmış tunel vasitəsilə kanalizasiya sisteminə düşərək izlərini itiriblər.

Görüntülərdə jandarma və yanğınsöndürənlərin bank yaxınlığındakı kanal qapağından aşağı baxdığı görünür.

Soyğunun maliyyə həcmi hələlik açıqlanmayıb. Bildirilir ki, cinayətkarlar nağd puldan çox, izlənməsi çətin olan şəxsi seyfləri hədəf alaraq boşaldıblar.

Polis kanalizasiya xətti boyunca genişmiqyaslı axtarış əməliyyatına başlayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə