Faiz fərqinin genişlənməsi vətəndaşların kreditə çıxışına və ailə büdcəsinə necə təsir edir? - İQTİSADÇI AÇIQLADI
Azərbaycanda bankların kredit və əmanət faizləri arasındakı fərq genişlənib. Fiziki şəxslərin manatla müddətli əmanətlərinə orta hesabla 9,95 faiz gəlir təklif edildiyi halda, onlara verilən kreditlər üzrə orta faiz dərəcəsi 17,36 faiz təşkil edir. Beləliklə, iki göstərici arasındakı fərq 7,41 faiz bəndinə çatıb. Mövcud mənzərə əhalinin banklardan əldə etdiyi gəlirlə borclanarkən üzləşdiyi maliyyə yükü arasındakı fərqi gündəmə gətirir. Bankların kreditləri əmanətlərdən xeyli yüksək faizlə təqdim etməsi hansı iqtisadi amillərlə bağlıdır?
Kredit riskləri, əməliyyat xərcləri və bankların mənfəət marjası bu fərqin formalaşmasında hansı rolu oynayır? Faiz fərqinin genişlənməsi vətəndaşların kreditə çıxışına və ailə büdcəsinə necə təsir edir?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, bankların kreditləri əmanətlərdən daha yüksək faizlə təqdim etməsinin bir neçə iqtisadi səbəbi var:
"İlk növbədə kredit risklərini qeyd etmək lazımdır. Bank kredit verdikdə borcalanın gəlirlərinin azalması, işini itirməsi, ödəniş qabiliyyətini itirməsi və borcunu vaxtında qaytarmaması riskini üzərinə götürür. Bu risklərin qiymətləndirilməsi, problemli kreditlərin idarə olunması və mümkün itkilər üçün ehtiyatların yaradılması bankların xərclərini artırır.
Önəmli amil bankların əməliyyat xərcləridir. Buraya filial və ofislərin saxlanılması, əməkdaşların əməkhaqqı, kommunal və inzibati xərclər, informasiya texnologiyaları, proqram təminatı, server və məlumat mərkəzlərinin fəaliyyəti, kibertəhlükəsizlik, ödəniş sistemləri, bank kartlarının emissiyası və xidmət göstərilməsi, nağd pulun daşınması və mühafizəsi, audit, hüquqi xidmətlər, uyğunluq və daxili nəzarət xərcləri daxildir. Bundan əlavə, banklar Mərkəzi Bankın prudensial tələblərinə uyğun olaraq kapital və likvidlik ehtiyatlarını saxlamalıdırlar. Bu tələblərin yerinə yetirilməsi də müəyyən maliyyə resurslarının ayrılmasını tələb edir. Bankların cəlb etdiyi vəsaitlərin hamısı kredit kimi yerləşdirilmir. Müəyyən hissə likvid aktivlərdə və ehtiyatlarda saxlanılır. Bu da cəlb edilmiş vəsaitlərin ümumi dəyəri ilə kreditlərdən əldə olunan gəlirlər arasında fərq yaradır. Bankların mənfəət marjası da kredit faizlərinin formalaşmasında rol oynayır. Hər bir bank kommersiya təşkilatı kimi mənfəət əldə etməyə çalışır. Lakin mənfəətin səviyyəsinə bazardakı rəqabət, kredit tələbi, maliyyələşmə mənbələri və bankın risk siyasəti təsir göstərir. Rəqabətin zəif olduğu və alternativ maliyyələşmə imkanlarının məhdud qaldığı bazarlarda kredit faizlərinin yüksək səviyyədə qalması ehtimalı artır. Bu vəziyyətin əhali üçün nəticələri də kifayət qədər əhəmiyyətlidir. Əhalinin gəlirləri gündəlik istehlak xərclərinin artımına uyğun yüksəlmədikdə yüksək faizli kreditlər ailə büdcəsinə əlavə yük yaradır. Kredit ödənişlərinə yönəldilən vəsaitin artması insanların digər ehtiyacları üçün sərəncamında qalan gəliri azaldır. Xüsusilə istehlak kreditlərinin bahalı olması vətəndaşların gələcək gəlirlərinin əhəmiyyətli hissəsini əvvəlcədən borc ödənişlərinə bağlayır.
Yüksək kredit faizləri sahibkarlıq fəaliyyətinə də təsirsiz ötüşmür. Bahalı maliyyə resursları biznesin genişlənməsini, yeni investisiyaların həyata keçirilməsini və istehsalın artırılmasını çətinləşdirir. Bu, məhsul və xidmətlərin maya dəyərinə, nəticə etibarilə bazar qiymətlərinə də təsir göstərə bilər. Eyni zamanda, kredit və əmanət faizləri arasındakı fərqi birbaşa bankın xalis mənfəəti kimi qəbul etmək olmaz. Bankın faktiki faiz marjası, əməliyyat xərcləri, problemli kreditlər üzrə itkiləri, kapitalın dəyəri və digər maliyyə göstəriciləri birlikdə qiymətləndirilməlidir.
Hesab edirəm ki, kredit faizlərinin aşağı düşməsi üçün bank sektorunda rəqabətin gücləndirilməsi, kredit risklərinin daha dəqiq qiymətləndirilməsi, maliyyə bazarının inkişafı və bankların əməliyyat səmərəliliyinin artırılması vacibdir. Rəqəmsallaşma və proseslərin avtomatlaşdırılması bankların inzibati və xidmət xərclərini azaltmaq üçün əlavə imkanlar yaradır. Bank sektorunun dayanıqlılığı ilə əhalinin və sahibkarların münasib şərtlərlə maliyyə resurslarına çıxışı arasında balans qorunmalıdır. Kreditlər iqtisadi fəallığı və istehlakı dəstəkləməli, eyni zamanda ailələrin maliyyə imkanlarını həddindən artıq məhdudlaşdırmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB