"Məktəblərin mühafizə qurumları ilə əməkdaşlıq etməsi məqsədəuyğun olardı" - TƏHSİL EKSPERTİ
"Təhsil müəssisələrində baş verən ölüm halları, əlbəttə ki, olduqca üzücü və cəmiyyət arasında ciddi narazılıq yaradan hadisələrdir. Hər hansı prosesdə iştirakçı tərəflər olduğu kimi, bədbəxt hadisələrin baş vermə ehtimalı da istisna deyil. Lakin arzuolunan odur ki, xüsusilə azyaşlı uşaqların və digər şagirdlərin iştirakı ilə belə faciələr yaşanmasın".
Bu sözləri SİA-ya açıqlmasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu istiqamətdə müəyyən tədbirlər görülür. Bəzi məktəblərdə təhlükəsizlik kameraları quraşdırılıb, digərlərində isə mühafizə xidməti təşkil olunub. Bununla belə, hesab edirəm ki, şagirdlərə nəzarət daim diqqət mərkəzində saxlanılmalıdır:
"Xüsusilə üç və dörd mərtəbəli məktəb binalarında pəncərələrdən yıxılma hallarının qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri görülməlidir. Düşünürəm ki, belə pəncərələr qoruyucu dəmir barmaqlıqlarla təmin edilməli və ya xüsusi nəzarət mexanizmi əsasında açılıb-bağlanmalıdır.
Digər tərəfdən, məktəb rəhbərliyi və təhsil müəssisələrinin idarəetməsində çalışan şəxslər uşaqların təhlükəsizliyinə xüsusi diqqət yetirməlidirlər. Məktəblərin mühafizə qurumları ilə əməkdaşlıq etməsi də məqsədəuyğun olardı. Çünki bütün hallarda şagirdlərin təhlükəsizliyi prioritet məsələ olmalıdır.
Təbii ki, müvafiq qurumlar bu istiqamətdə müəyyən işlər görürlər. Lakin bəzən gözlənilməz hallar baş verir və nəticədə faciələr yaşanır. Bu cür hadisələrin qarşısının alınması üçün məktəblərdə valideynlərlə mütəmadi görüşlər keçirilməli, valideyn iclasları təşkil olunmalıdır. Şagirdlərin psixoloji vəziyyəti də diqqətdə saxlanılmalıdır. Hər hansı şagirdin psixoloji durumunda problem müşahidə olunarsa, onunla mütəxəssis tərəfindən müvafiq söhbətlər aparılmalı və lazımi dəstək göstərilməlidir.
Ümumilikdə, məktəb rəhbərliyi ilə valideynlər arasında mütəmadi və sıx əlaqə yaradılmalı, uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyinin təmin olunması üçün birgə fəaliyyət göstərilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB