“Bu diplomatik təmaslar mürəkkəb şəraitdə əməkdaşlığı davamlı qoruyur” -DEPUTAT DANIŞDI
”Aprelin 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında baş tutan telefon danışığı iki ölkə arasındakı münasibətlərin aktiv və inkişaf edən xarakter daşıdığını göstərir. Bu cür diplomatik təmaslar, xüsusilə də indiki mürəkkəb beynəlxalq şəraitdə, dövlətlər arasında əməkdaşlığın davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Rumıniya
arasında münasibətlər strateji əhəmiyyətə malikdir:
”Rumıniya Azərbaycanın Avropa İttifaqındakı əsas tərəfdaşlarından biridir və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan qazının Avropaya nəqli, xüsusilə də alternativ enerji mənbələrinin ön plana çıxdığı dövrdə, Rumıniya üçün də vacibdir. Bu isə hər iki ölkənin iqtisadi və siyasi maraqlarının üst-üstə düşdüyünü göstərir.
Telefon danışığında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin müzakirə olunması onu göstərir ki, tərəflər təkcə öz aralarındakı əlaqələrlə kifayətlənmir, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı genişləndirməyə çalışırlar. Bu, xüsusilə Avropa İttifaqı, Qara dəniz regionu və enerji layihələri kontekstində mühüm rol oynayır.
Bundan əlavə, belə təmaslar diplomatik münasibətlərin canlı saxlanılması üçün vacibdir. Müasir dövrdə dövlətlər arasında əlaqələrin yalnız rəsmi səfərlərlə deyil, həm də mütəmadi telefon danışıqları vasitəsilə davam etdirilməsi operativ qərarların qəbuluna və qarşılıqlı anlaşmanın gücləndirilməsinə şərait yaradır.
Ümumilikdə, bu telefon danışığını Azərbaycan ilə Rumıniya arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılmış müsbət addım kimi qiymətləndirmək olar. Bu cür dialoqlar gələcəkdə yeni iqtisadi layihələrin, siyasi əməkdaşlığın və regional sabitliyin möhkəmlənməsinə töhfə verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB