“Emal olunmuş ət məhsulları sağlamlıq üçün risklidir, istifadəsi məhdud olmalıdır“ - HƏKİM DANIŞDI
“Kolbasa, sosis və vetçina kimi emal olunmuş ət məhsulları müasir qidalanmada ən çox müzakirə olunan riskli qidalar sırasındadır. Bu, sadəcə fərziyyə deyil , çoxsaylı elmi araşdırmalar bu məhsulların sağlamlıq üçün təhlükə yarada biləcəyini göstərir”.
Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Fidan Həsənli bildirib.
Onun sözlərinə görə, bu qidaların əsas problemi onların tərkibindəki ətin özü yox, emal prosesi zamanı əlavə olunan maddələrdir:
”Yüksək miqdarda duz, konservantlar, nitritlər, həmçinin doymuş və bəzən trans yağlar bu məhsulların tərkibində geniş yer alır. Məhz bu komponentlər orqanizmdə mənfi təsirlərin yaranmasına səbəb olur.
Xüsusilə duzun çoxluğu diqqət çəkir. Emal olunmuş ət məhsulları bir porsiyada belə gündəlik natrium normasının böyük hissəsini təmin edir. Bu isə bədəndə maye yığılmasına, nəticədə qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Yüksək təzyiq isə zamanla damar divarlarının zədələnməsinə və elastikliyinin azalmasına səbəb olur.
Digər tərəfdən, bu məhsullarda olan doymuş yağlar qanda “pis” xolesterolun (LDL) səviyyəsini artırır. Bu xolesterol damarların daxili səthində yığılaraq lövhələr əmələ gətirir, damarların daralmasına və qan dövranının zəifləməsinə səbəb olur. Bu proses isə infarkt və insult riskini artırır.
Nitrit və nitratlar da xüsusi risk yaradır. Bu maddələr məhsulun görünüşünü və saxlanma müddətini yaxşılaşdırmaq üçün istifadə olunur. Lakin orqanizmdə onlar zərərli birləşmələrə çevrilərək həm həzm sistemi, həm də damarlar üçün mənfi təsir göstərə bilər.
Bütün bu amillər birlikdə təsir göstərərək ürək-damar sistemi üçün ciddi təhlükə yaradır. Emal olunmuş ət məhsullarının müntəzəm istifadəsi tək bir risk faktoru deyil, kompleks sağlamlıq problemlərinə yol aça bilən bir vərdişdir.
Uzun müddətdə bu qidaların çox istifadəsi ürək xəstəlikləri, infarkt, insult, eləcə də tip 2 diabet kimi xəstəliklərin yaranma riskini artırır. Buna görə də mütəxəssislər bu məhsulların istifadəsini məhdudlaşdırmağı tövsiyə edirlər.
Sağlam qidalanma üçün daha təbii və az emal olunmuş məhsullara üstünlük verilməlidir. Balıq, xüsusilə faydalı yağ turşuları ilə zəngin dəniz məhsulları, eləcə də tərəvəz və bitki mənşəli zülallar daha uyğun seçim hesab olunur.
Kolbasa, sosis və vetçina gündəlik həyatda rahat seçim kimi görünsə də, tez-tez istifadə edildikdə sağlamlıq üçün risk yarada bilər. Buna görə də qidalanmada əsas prioritet rahatlıq deyil, sağlamlıq olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB